“Böyük Qayıdış” tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir
8 Noyabr - Zəfər Günü tariximizin ən şanlı səhifəsidir və hər bir azərbaycanlı üçün müqəddəs bir gündür. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdilər, döyüşlər zamanı bir addım belə geri çəkilmədilər. Bu qələbədən sonra Azərbaycanın tarixində yeni inkişaf səhifəsi açıldı. Azad edilmiş ərazilərə tez-tez səfərləri ilə Prezident İlham Əliyev sevincini xalq ilə bölüşməklə yanaşı, Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirdi.
Hazırda Azərbaycanın azad olunmuş ərazilərində Böyük Qayıdış Proqramı çərçivəsində əhəmiyyətli bərpa- quruculuq tədbirləri görülür. Şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Doğma yurdun hər qarışında tikinti bumu yaşanır. Yeni-yeni infrastrukturlar - xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, avtomobil və dəmir yolları, körpülər, tunellər tikilir.
Bu proqram yalnız əhalinin doğma torpaqlara, azad olunmuş ərazilərə köçürmə məsələsini deyil, həm də iqtisadi və sosial inkişafın geniş miqyasını da nümayiş etdirir.
Bu istiqamətdə görülən işlər nəticəsində 30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına, evlərinə qayıdır. Bu prosesin – Böyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub. Belə ki, həmin ilin aprelində baş vermiş dördgünlük döyüşlər nəticəsində Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın bir hissəsini işğaldan azad edərək şanlı Zəfər səhifəsini yazıb. Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında, həmçinin həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd etmək olar.
Qeyd edək ki, 2020-ci ildə torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb.
2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Vətən müharibəsindən ötən müddətdə işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var və burada sürətli işlər həyata keçirilir. Təbii ki, bu işlərin vaxtında və yüksək keyfiyyətlə icra olunmasında insan amili mühüm rol oynayır.
Görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutub. Məcburi köçkün həyatı yaşayan insanların bir hissəsi öz doğma dədə-baba yurdlarına qayıtdı və orada həyat yenidən başladı. Həmin vaxtdan etibarən keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi prosesi davam edir.
Strateji Araşdırmalar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov da “Sherg.az”a açıqlamasında deyib ki, 2020-ci il qələbəmizdən sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çox böyük bərpa, quruculuq, tikinti işləri görülür. Bu işlər çərçivəsində cənab Prezident tərəfindən irəliyə vəzifə kimi qoyulmuş "Böyük Qayıdış" konsepsiyası icra olunmağa başlayıb. Politoloqun sözlərinə görə, “Böyük Qayıdış” tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir:
“Bu Proqram bir millətin öz torpaqlarına qayıdışını, köklərinə, tarixinə bağlılığını simvollaşdırır. Bu proqramın uğurla həyata keçirilməsi Azərbaycanın iradəsinin və birlikdə yaşama bacarığının nümayişidir. Hər bir insanın Qarabağa dönməsi, onun doğma torpağında yeni bir həyata başlaması, Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq. Böyük Qayıdış Proqramı Azərbaycanın azad olunmuş ərazilərdə iqtisadi, sosial və mədəni dirçəlişinin əsasını qoyan bir strategiyadır. Bu prosesin uğurlu həyata keçirilməsi gələcək nəsillərə daha güclü, daha müstəqil və daha birgə yaşamış bir cəmiyyətin mirasını yadigar qoymağı hədəfləyir. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Təbii ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb. Düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu isə, eyni zamanda, ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir”.