Tam əminlik yoxdur: Rusiya və İran təxminən 1 ildir ki, strateji tərəfdaşlıq sazişini imzalaya bilmirlər

“Bölgədə hadisələr o qədər sürətlə cərəyan edir ki, Pezeşkianın məhz gələn ilin yanvarında Moskvaya rəsmi səfər edəcəyini söyləmək çətindir”


İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında deyib. Bəqai bildirib ki, İran və Rusiyanın yanvarın ortalarında ikitərəfli səfər zamanı hərtərəfli əməkdaşlıq haqqında sazişi imzalaması gözlənilir. Sözçü İranla Avropa üçlüyü ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların növbəti raundunun tarixinin müəyyən edildiyini də qeyd edib: "İranla Avropa üçlüyü arasında danışıqların növbəti raundu 2025-ci il yanvarın ortalarında keçiriləcək".

Politoloq Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya və İran təxminən 1 ildir ki, strateji tərəfdaşlıq sazişini imzalaya bilmirlər. Ekspertin sözlərinə görə, Rusiya və İran rəsmiləri oktyabr və noyabr ayında verdikləri açıqlamalarda sazişin bu ilin sonunda imzalanacağını deyirdilər, ancaq alınmadı:
 "İndi də gələn ilin yanvarında imzalanacağını deyirlər. Sazişin İran Prezidenti Məsud Pezeşkianın 2025-ci ilin yanvar ayında Moskvaya səfəri zamanı imzalanacağı proqnozlaşdırılır. Ancaq yenə də tam əminlik yoxdur. Birincisi, bölgədə hadisələr o qədər sürətlə cərəyan edir ki, Pezeşkianın məhz gələn ilin yanvarında Moskvaya rəsmi səfər edəcəyini söyləmək çətindir. İkincisi, İran hazırda enerji qıtlığı ilə üzləşib. Neft və qaz ölkəsi olan İranda işıqlar keçirilir, evlərin və müəssisələrin qaz təminatında uzun fasilələr yaranıb. Bu arada, Rusiya baş nazirinin müavinləri Vitali Savelyev və Aleksey Overçuk Tehrana işgüzar səfərə yollanıblar. Yəqin strateji sazişin son bəndləri ətrafında müzakirələr aparacaqlar. Bəs niyə haqqında çox danışılan strateji sazişi imzalamaq çətindir və tarix hər dəfə təxirə salınır? Axı söhbət həqiqətən iki strateji tərəfdaşdan gedir. Rusiya və İranın beynəlxalq məsələlərə baxışları oxşardır, hər ikisi Qərbin sərt sanksiyaları ilə üzləşiblər. Bu iki ölkə İkinci Qarabağ müharibəsi zamanı Ermənistana hərbi texnikanın çatdırılmasında da sıx əməkdaşlıq ediblər. Rusiya və İran münasibətləri tarixində hər ikisi üçün daha bir önəmli hadisə baş verib. İran əvvəlcə Rusiyaya hərbi dronlar satmağa başlayıb, daha sonra Tatarıstanda birgə müəssisə işə düşüb. Belə olan halda strateji sazişin imzalanmasına nə mane olur?
Moskva ilə Tehran arasında hazırkı əməkdaşlıq formatı 2001-ci ildə imzalanan sənəd üzərində qurulub. Bu qarşılıqlı münasibətlər və əməkdaşlığın prinsiplərini müəyyənləşdirən müqavilədir və hər 5 ildən bir uzadılır". 

Analitik bəyan edib ki, Moskva və Tehran bir müddət sonra qərara gəliblər ki, bu müavilə hazırkı geosiyasi tələblərə və dərinləşən əməkdaşlığa cavab vermir: 
"Hər iki ölkənin diplomatları və mütəxəssisləri 2022-ci ildən başlayaraq strateji saziş üzərində çalışmaları sürətləndiriblər. Sazişin imzalanmasının ləngiməsi İran tərəfinin sənədə hər dəfə yeni bəndlər təklif etməsi ilə əlaqəlidir. Təklif irəli sürüldükdən sonra onun Rusiya tərəfdən araşdırılması və qəbul olunması zaman tələb edir. İran tərəfinin irəli sürdüyü bəndlərin nədən ibarət olduğu barədə məlumat yoxdur. Görünür, Tehran sonadək Moskvaya etibar etmir, düşünürlər ki, bir gün Rusiya-Ukrayna müharibəsi bitəcək və Kreml Qərblə münasibətləri normallaşdıracaq və Moskvanın Tehranla strateji tərəfdaşlığa ehtiyacı qalmayacaq. Ona görə Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki, Kreml imzalanacaq sənədə sadiq qalsın. Ancaq saziş və sənəddə yer alacaq bəndlər bölgədə yaranacaq yeni realıqlardan üstün olmayacaq. Həqiqətən Rusiya və İranın maraqları bir gün kəsişə də bilər. Hər iki ölkədə elə daxili hadisələr baş verə bilər ki, strateji əməkdaşlığın əhəmiyyəti azalacaq. Suriya buna nümunədir. Əsəd rejimi dövründəki Suriya İranın və Rusiyanın strateji müttəfiqi idi, indi isə Dəməşq Türkiyə ilə strateji müttəfiqlik münasibətləri qurur".