Ballıcaya köçən sakin: "Bu gün ən böyük arzumuz gerçəkləşib"

"Xocalıdan ayaqyalın, başıaçıq, ağlaya-ağlaya çıxmışdıq. Bu gün gülə-gülə, sevinc və qürur hissi ilə qayıdırıq".

APA xəbər verir ki, bu sözləri bu gün Xocalı rayonunun Ballıca kəndinə köçən keçmiş məcburi köçkün Şöhlət Ələkbərova deyib.

O, Vətənə qayıtmağın çox gözəl hiss olduğunu bildirib: “Vətən ana qucağı kimi əzizdir. Xoşbəxtəm ki, Allah bu günü mənə nəsib elədi”.

Xocalı rayonunun Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Sərvan Məmmədov isə deyib ki, 30 il doğma torpaqlara qayıtmağın xəyalı ilə yaşayıblar: “Bu gün bu xəyalımız, ən böyük arzumuz gerçəkləşib - Vətənimizə qovuşmuşuq. Doğma torpaqlarımızdan didərgin düşəndə 17 yaşım var idi. Gəncliyim köçkünlüdə yurd həsrəti ilə keçib. Həmişə ümidlə yaşadıq. Bu gün doğma torpaqlara, yerimizə-yurdumuza qayıtmışıq. Bu qüruru, bu sevinci bizə yaşatdığına görə Prezidentimizə, Ordumuza minnətdaram”.