Qadınların məsciddə kütləyə imamlıq etmə səlahiyyəti yoxdur

Şəriət baxımından dini təhsil almaq istəyən qadınlara məhz xanımların dərs keçməsi daha münasib görülür

  Azərbaycanın islam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə başlayıb. Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil olunub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib ki, budəfəki elan olunmuş vakansiyalar ancaq imam və imam müavinləri üçün nəzərdə tutulub: “İmam və imam müavini qadınlar üçün nəzərdə tutulan bir vəzifə deyil. Şəriətə görə, qadın imam və imam müavini ola bilməz. Burada söhbət yalnız qadın dini ayinlərin icraçısından gedir. Onların fəaliyyəti isə yalnız qadınlara yönəlik fəaliyyətdir. Ancaq növbəti vakansiya elan edilən zaman bunun da olmasını nəzərdə tuturuq”.

İlahiyyatçı-alim, Rəsulullah məscidinin imamı Hacı Atif İsmayılov “Şərq”ə bildirib ki, dini məsələlərlə bağlı qanunvericilikdə dəyişiklik edildikdən sonra bütün dini ayinlərin icrası ilə məşğul olan şəxslər üçün müəyyən kriteriyalar təyin edilib. Ekspert vurğulayıb ki, dini ali təhsilləri olan şəxslər üçün geniş imkanlar yaradılır: 

“İddialı şəxslər qanunvericilik səviyyəsində imtahanlardan keçərək müvafiq yerlərə dini kadr təyinatı ala bilərlər. İmamların dini təhsilinin, savadının olması çox mühüm məsələdir. Biz də bunun tərəfdarıyıq və hesab edirik ki, bu istiqamətdə atılan addımlar məqsədəuyğundur. Çünki islam dininin təbliğatı önəmlidir və olduqca həssas məqamdır. İmam dinini dərindən bilməlidir ki, onu başqalarına çatdıra, təbliğ edə bilsin. İmtahanların nəticəsi Azərbaycanda dini sahənin göstəricilərini ortaya qoyacaq. Əfsuslar olsun ki, sovet dönəmindən sonra dini təhsil ocaqlarının uzun müddət olmaması səbəbindən əksər din xadimləri ali təhsil almaqdan məhrum qalıblar. Zamanla bu problem də aradan qalxacaq. Çünki ölkəmizdə artıq ali dini təhsil ocaqları da fəaliyyət göstərir”. 

  A.İsmayılov qeyd edib ki, bəzi məscidlərdə şəriətlə bağlı məsələlərin öyrədilməsi, qadınlara dinin təbliğ olunması xanımlar tərəfindən icra edilə bilər: 

“Buna hansısa məhdudiyyət yoxdur. Yəni şəriət baxımından dini təhsil almaq istəyən qadınlara məhz xanımların dərs keçməsi daha münasib görülür. Lakin qadınların məsciddə kütləyə imamlıq etmə səlahiyyəti yoxdur. Əgər məsciddə fəaliyyət göstərən, yaxud ibadət üçün ora gedənlərin hamısı qadınlardan ibarət olarsa, onlara bir xanımın imamlıq etməsi mümkün ola bilər. Təbii ki, belə məsələlərdə kütlənin istəyi də mühüm rol oynayır. Xanımlar arasında xütbə və moizə verənlərin olması da mümkündür”.