Yevlaxda yanğın baş verən binadan partlama təhlükəsi olan qaz balonunu ərazidən uzaqlaşdıran polisin görüntüləri sosial mediada geniş müzakirə edilib. Bir tərəf onun igidliyini alqışlayıb, digər tərəf isə “Orda FHN-nin əməkdaşları olmalı idi, polis yox” fikrini müdafiə edib. Bununla yanaşı “Qaz xətti olan binada niyə balondan istifadə edirlər?” sualı da səsləndirilir.
Polislərin yanğına qarşı mübarizəsi ilə bağlı təlimatladırıldığını deyən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a bildirib ki, polis risk edərək böyük fəlakətin qarşısını alıb:
"Yaşayış binalarında qaz balonundan istifadə edilməsi təhlükəli olduğu üçün məsuliyyət yaradır. Yaqin ki, binaya qaz verilməsi stabil deyil və bu araşdırılmalıdır. Polisin hərəkətinə gəldikdə isə, yanğını söndürmək Fövqəladə Hallar Nazirliyinin vəzifəsi olsa da, yanğın baş verdiyi zaman onlara kömək etmək lazımdır. Xatırladım ki, böyük həcmli yanğınlar olduqda ora polislər, hərbçilər hətta sıravi vətəndaşlar belə cəlb oluna bilərlər. Polis yaxında oluduğu üçün sağ olsun ki, risk edərək böyük fəlakətin qarşısını alıb.Ümumiyyətlə isə polislər də, belə hallarla bağlı təlimatlandırılır. Yəqin ki, o da bu təlimata uyğun hərəkət edib və FHN gəldikdən sonra nəzarəti ələ götürüb".