Qusarın Laza kəndinə gedən yerli turistlər ora buraxılmayıblar. Bu barədə sosial şəbəkədə video paylaşılıb. Görüntüdən aydın olur ki, kənd sakinləri yolu bağlayıblar. Onlar bu addımı kənd yollarında yaranan nəqliyyat sıxlığı ilə izah ediblər. Kəndə turist kimi gələn şəxslərin avtomobildən istifadə etməməsini tələb ediblər.
Turistlərin qarşısını almağın kəndin əhalisi üçün böyük fəlakət olduğunu deyən millət vəkili Fazil Mustafa "Sherg.az" bildirib ki, hadisənin səbəbləri ciddi şəkildə araşdırılmalıdır:
"Belə bir addımın niyə atıldığını dəqiq bilmirəm. Lakin Laza da ciddi qayda- qanun yaradılmalıdır. Həqiqətən də, həmin kənddə maşınlar pərakəndə şəkildə saxlanılır.
Heç kəs səbəbsiz yerə dolanışıq yerini itirmək istəməz. Hamı çalışar ki, onun yaşadığı əraziyə turistlər gəlib pul xərcləsinlər. Bununla da iqtisadi vəziyyəti, sosial durumu yaxşılaşsın.
Buna qarşı çıxmaq anlamlı görünmür. Amma bütövlükdə bunun səbəbləri araşdırılmalıdır. Bəlkə də, kənd camaatının yaşamına mane olan davranışlar var.
Ancaq kənd əhalisinin turistlərin buradan çıxmasına ciddi tələb qoyması da inandırıcı hal deyil".