İlham İsmayılov:"Qərbi Azərbaycandan olan hər bir kəsin “Qərbi Azərbaycan İcması”ndan gözləntiləri böyükdür"



"Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların statusunun tələb edilməsi siyasi baxımdan düşünülmüş yaxşı arqumentdir"

"Bu gün Qarabağa qayıdırıq, sabah da Ermənistanda qalan həmin torpaqlara qayıtmalıyıq və bu indi bizim əsas hədəfimiz olmalıdır"

Ötən ay 1989-cu ildən fəaliyyət göstərən və indiki Ermənistandan öz tarixi torpaqlarından qaçqın düşən Qərbi Azərbaycanlıları öz ətrafında birləşdirən "Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin bazasında yeni “Qərbi Azərbaycan İcması” adı İctimai Birlik fəaliyyətə başladı.

 Millət vəkili Əziz Ələkbərlinin sədrliyi ilə fəaliyyət göstərəcək yeni qurum sadəcə ad dəyişikliyi ilə diqqət çəkmədi, həm də bu qurumun Şuşa İcra Hakimiyyətinə Bakıda müvəqqəti ayrılan binasında, bir vaxtlar Dağlıq Qarabağın Azərbaycanlı İcmasının (20 aprel 2021-ci ildə ləğv edilib) fəaliyyət göstərdiyi binada ofislə təmin olunması da diqqət çəkdi. Nəticə çıxarmaq olar ki, yeni qurum öz üzərinə ciddi missiya götürüb və bu ictimai birlik dövlət tərəfindən də dəstəklənir. 

Bəs Qərbi Azərbaycan İcması hansı zərurətdən yaranıb və biz bu qurumdan nələri gözləməliyik? Bu sualla Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, əslən Qərbi Azərbaycandan olan İlham İsmayılova müraciət etdik. 

İlham İsmayılov bildirdi ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının ötən il ləğv olunması da bir zərurət idi: "Bu qurum ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycanı münaqişə tərəfi, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdi. 

Lakin uzun illər ərzində konfliktlə məşğul olan və ATƏT-in Minsk qrupunun üzvü olan ölkələr Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fikirlərini gözardı edərək, əksinə erməni icmasının hətta "öz müqəddaratlarını təyin etməsi" kimi nağıllarının gündəlik müzakirələrə çıxarılmasına belə rəvac verirdilər. 

Azərbaycan tərəfi Ermənistanın işğalçılıq siyasətinə 44 günlük müharibə ilə son verməsi, Azərbaycan-Rusiya-Ermənistan arasında üçtərəfli bəyanatın qəbul olunması ilə Qarabağda yaşayan erməni icmasının da müstəqillik xəyalları bitmiş oldu. Lakin bitti deyərkən, yenidən görürük ki, Qarabağda ermənilərin statuslarını gündəmə gətirməyə, bu mövzunu yenidən səsləndirməyə cəhdlər olur. 

Bu səslərin növbəti dəfə batırılması və Ermənistan ərazisindən qovulmuş azərbaycanlılarının statusunun xatırlanması və tələb edilməsi siyasi baxımdan düşünülmüş yaxşı arqumentdur. Necə ola bilər ki, Qarabağda 20 minlik bir erməni icması üçün status isdəyənlər, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz kimi qədim ata-baba torpaqlarından didərgin salınan yarım milyondan çox azərbaycanlının durumuna biganə qalsın.Status tələb ediləcəksə, bizim Ermənistandan status istəməyə daha çox haqqımız çatır. 

Lakin hesab edirəm ki, bu qurumun fəaliyyəti yalnız bu olmamalı, soydaşlarımızın birlik və bərabərliyini sağlamalı, tarixi torpaqlarımıza qayıdışla bağlı hüquqi və mənəvi məsələləri daima gündəmdə tutmalıdır. 

Əslində Qərbi Azərbaycandan olan hər bir kəsin bu qurumdan gözləntiləri böyükdür. Bunun üçün də bu istiqamətdə fəaliyyət göstərən təşkilatların və şəxslərin konsalidasiyalı şəkildə fəaliyyəti əsas şərtdir. Bu işə fayda verə biləcək hər kəs, hər bir təşkilat səfərbər olmalı, bu qurumda təmsil olunmalıdı. Bir çox hallarda müşahidə ediyimiz və milli davamızda ən zəif  tərəfimiz olaraq görünən şəxsi eqaizm və özünübəyənmişlik bu məsələdə ön planda olmamalıdı. Çünki biz bu gün artıq Qarabağa qayıdırıq, sabah da Ermənistanda qalan həmin torpaqlara qayıtmalıyıq. Bu isə indi bizim əsas hədəfimiz olmalıdır".