Ölkəmizdə elektromobillərin sayı artır, yeni enerjidoldurma məntəqələri yaradılır. Bəs elektrik mühərrikli avtomobillərin şarjı neçəyə başa gəlir?
Sürücülər deyirlər ki, Bakıda 120-150 kilovatlıq stansiyalar quraşdırılıb. Tam şarj üçün ümumi qiymət isə avtomobilin növü və batareyasının həcminə görə dəyişir.
Onların ən çox üstünlük verdikləri stansiyalar isə 150 vatlıq olanlardır. Belə ki, bu, onlara vaxta qənaətə imkan verir. Tarif Şurasının enerjidoldurma stansiyaları ilə bağlı standart tarifi yoxdur.
"Azərişıq" ASC-nin enerjidoldurma məntəqələrində isə 1 kilovat 23 qəpik təşkil edir.
Qurumdan "Xəzər Xəbər"ə verilən məlumata görə, təkcə son bir neçə gün ərzində Bakının müxtəlif ərazilərinə 20-yə yaxın enerjidoldurma məntəqələri quraşdırılıb.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da elektromobillər artır:
“Eyni zamanda da ölkənin müxtəlif yerlərində bu barədə tədbirlər görülür. Cənab Prezidentin sərəncamı ilə infrastruktur yaradılır. Quraşdırılan elektrik yükləmə məntəqələri isə kifayət qədər bahalı mexanizmlərdir. Yəni kiminsə, quraşdırması və oradan pul qazanması real görsənmir. Bunu etmək üçün dövlətin dəstəyi lazımdır. Lakin istifadə edilən elektrik enerjisinində qiyməti nisbətən baha olduğu üçün vətəndaşlara biraz sərf etmir. Normalda bizdə ən baha elektrik enerjisi 20 qəpikdir. Lakin vətəndaşlar üçün limit tətbiq edilir. Ancaq bu enerjidoldurma məntəqəsində nisbətən daha bahadır. Təxminən 1 kilovatı 25-30 qəpiyə çıxır. Düşünürəm ki, bu enerji ən aşağı tariflə olmalıdır”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirdi ki,hazırda elektrik mühərrikli avtomobili elektrik enerjisi ilə dolduran istehlakçılar 1 kilovata görə təxminən 27 qəpik ödəyirlər:
“Düşünürəm ki, bu məbləğ bir qədər azaldılmalıdır. Çünki insanlar elektromobillərə daha çox həvəs göstərsinlər. Həm də elektromobillə ənənəvi olaraq benzin və dizel yanacaqlı avtomobil arasında iqtisadi fərq gözə çarpmalıdır”.