Şuşada səfərdə olan beynəlxalq səyahətçilər burada erməni vandalizmi nəticəsində dağıdılmış yerlərdə Azərbaycanın qısa zaman kəsiyində apardığı quruculuq işləri ilə tanış olublar.
“Report” xəbər verir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla təkbaşına mübarizəsi onları heyrətə gətirib.
Səyyahlar həmçinin Şuşanın möhtəşəm təbiətindən zövq aldıqlarını da bildiriblər.
Sonda Cıdır düzündə olan səyyahlar bu möhtəşəm təbiət mənzərəsinin fonunda xatirə fotoları çəkdiriblər.
11:52
Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
“Report” xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley olub.
Beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə yollanıblar. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və təbiəti ilə tanış olacaqlar.
Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobillərlə Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.
Qeyd edək ki, ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.
Xatırladaq ki, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi iştirak edib. Bu sayca 4-cü analoji səfərdir və bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.