Yadigar Məmmədli:"Dünyanın heç bir yerində mətbuat kənardan idarə olunmur"
Sentyabrın 24-də Azərbaycan jurnalistlərinin növbəti qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin yenilənəcəyi bildirilib. Şura sədri postuna da yeni simanın gələcəyi deyilir. Nizamnaməyə görə, sədr qurultayda İdarə Heyətinin üzvləri arasından seçiləcək. 2003-cü ilin martından Mətbuat Şurasına sədrlik edən Əflatın Amaşovun qurultayda İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi hələ dəqiq deyil. Qurultay yaxınlaşdıqca İdarə Heyəti üzvlüyünə namizəd olmaq istəyənlər də meydana çıxır.
Qurultayla bağlı "Şərq"ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli deyib ki, Mətbuat Şurasını jurnalistlər özləri yaradıblar. Onun sözlərinə görə, MŞ jurnalistlərin birinci qurultayında təsis olunub və seçkilər keçirilib: "Yəni bu prosesi idarə edənlər elə media nümayəndələrinin özləridir. Mətbuat Şurasının sonuncu qurultayı 2018-ci ildə keçirilib. Dörd ildən bir keçirildiyi üçün bu il qurultay vaxtıdır. Düzdür, qurultay yaz aylarında planlaşdırılırdı, amma bu və ya digər səbəblərdən ilin sonuna qaldı. Buna baxmayaraq, qarşıdakı qurultayımız növbəli və planlıdır. Burada başqa məqamlar axtarmaq yersizdir. Qurultayla bağlı mətbuatda çalışan həmkarlarımızın müxtəlif fikirləri, mülahizələri var. Onları oxuyuruq və hörmətlə yanaşırıq. Mətbuat Şurasından gözləntilər çoxdur. Bildirilir ki, qurumun bir çox məsələyə reaksiya verə bilməsi üçün müəyyən islahatlar aparılmalı, funksional və səlahiyyətli olması üçün addımlar atılmalıdır. Bu fikirlər normaldır. Mətbuat Şurasında gənc nəsil jurnalistlərin iştirakının təklif olunması da yaxşı haldır. Bu məsələ bizim üçün də prioritet olub. Çalışmaq lazımdır ki, media strukturlarında həm gənclər, həm də xanım jurnalistlər təmsil olunsunlar. Artıq Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünə və seçkili orqanlara namizəd verilməsi prosesinə başlanılıb. MŞ-nin saytında müvafiq anket sorğuları təqdim olunub.
İdarə Heyəti belə qərara gəlib ki, qurultayın Təşkilat Komitəsi məhz İdarə Heyətinin üzvlərindən ibarət olsun. Biz hamımız Təşkilat Komitəsinin üzvüyük və bu məsələdə məsuluq. Şəxsən öz adımdan deyirəm ki, prioritetlərin gözlənilməsinə çalışacam".
Y.Məmmədli vurğulayıb ki, bəzən Mətbuat Şurası ilə bağlı elə gözləntilər səsləndirilir ki, həmin məsələlər Şuranın səlahiyyətlərinə aid olmur:
"Mətbuat Şurası mediadan kənar və administrativ müdaxilə olmadan özünü idarəetmə mexanizmidir. Eyni zamanda mətbuat-dövlət və mətbuat-cəmiyyət münasibətlərinin tənzimlənməsidir. Dünyanın heç bir yerində mətbuat kənardan idarə olunmur. 2000-ci illərin əvvəllərində Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və Mətbuat Şurası yaradıldı. Mətbuatın inkişafı məsələsi, kadr problemləri birbaşa MŞ-nin funksiyasına aid deyil. Bu işlər jurnalist təşkilatlarına həvalə olunur ki, müxtəlif layihələrlə həyata keçirilsin. Ancaq donor çatışmazlığına görə bizim jurnalist təşkilatları bu işlərlə məşğul ola bilmir. Bizim əsas davamız jurnalistikanın prinsipləri, etik məsələlərdir. Mətbuat Şurası öz çərçivəsində bu məsələlərlə məşğul olmalıdır. Əgər Azərbaycanda jurnalistikanın inkişafını istəyiriksə, o zaman Mətbuat Şurasında həm təcrübəli jurnalistlər, beynəlxalq təşkilatlarla əlaqəsi olan mətbuat nümayəndələri, həm də gənc media təmsilçiləri olmalıdır. Belə olarsa, həm jurnalistlər, həm cəmiyyət, həm də dövlət qazanclı çıxar. Hamımızın istəyi odur ki, jurnalistika nüfuzlu olsun, informasiyalar əlçatan olsun. Eyni zamanda jurnalistlərin sosial şəraitləri də yaxşılaşsın, əməkhaqları artsın".