Daxili İşlər Nazirliyi (DİN) İsmayıllıda polis əməkdaşlarının üzərinə bıçaq çıxarılması iddiası ilə bağlı açıqlama verib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Oxu.Az-a bildirib ki, dünən bir sıra xəbər saytlarında İsmayıllı rayonunda gecə saatlarında avtoxuliqanlıq hərəkətləri edən sürücünün yol polisi əməkdaşları tərəfindən saxlanılarkən onun polis əməkdaşlarını guya bıçaqla hədələyərək hadisə yerindən yayınması barədə reallığı əks etdirməyən xəbər paylaşılıb.
“Aydınlıq üçün bildirim ki, avqustun 30-da İsmayıllı RPŞ-nin yol-patrul xidmətinin əməkdaşları gecə saat 2 radələrində rayon ərazisində xidmətdə olarkən dövlət qeydiyyat nişanları olmayan VAZ-21011 markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etdiyini görüblər. Onlar maşının sürücüsünə “saxla” əmri versələr də, sürücü tabesizlik göstərərək hadisə yerindən yayınıb.
Görülmüş tədbirlərlə həmin şəxsin əvvəllər iki dəfə məhkum olunmuş, rayon sakini Elşən Qurbanov olması müəyyən edilib və o, saxlanılaraq polis şöbəsinə gətirilib”, - deyə DİN rəsmisi bildirib.
E.Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxs 25 sutka inzibati qaydada həbs edilib.