Allahşükür Paşazadə Qazaxıstana gedəcək


Sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Respublikasına səfərə yola düşəcək.

Bu barədə "Report"a QMİ-nin Mətbuat Xidmətindən məlumat veirlib.

Bildirilib ki, səfərdə məqsəd Qazaxıstanda keçiriləcək Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etməkdir.

Qazaxıstanın paytaxtı Nursultan şəhərində 14-15 sentyabr tarixlərində keçiriləcək iki onillik tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.

Qurultayın budəfəki mövzusu "Dünya və ənənəvi dini liderlərinin postpandemiya dövründə bəşəriyyət in mənəvi və sosial inkişafında rolu"dur.

Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin daimi üzvü olan QMİ sədri Şeyxülislam A.Paşazadə sentyabrın 13-də Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin sədrliyi ilə keçiriləcək Qurultay Katibliyinin iclasında iştirak edəcəkdir. Sentyabrın 14-də Şeyxülislam Allahşükür Paşazadə VII Qurultayda iştirak edəcək, plenar iclasda çıxış edəcək.

Qurultayın açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım Jomart Tokayev iştirak edəcəkdir. BMT Baş Katibi Antoniu Qutterişin videomüraciətlə Qurultay iştirakçılarına müraciəti nəzərdə tutulur.

Qurultayların daimi iştirakçısı olan Şeyxülislam Allahşükür Paşazadənin bu səfəri zamanı, həmişə olduğu kimi, Qazaxıstanın ali rəhbərliyi və tədbir çərçivəsində dünyanın nüfuzlu dini liderləri, o cümlədən, Roma Papası Fransisk həzrətləri və Vatikan rəsmiləri, habelə Əl-Əzharın Baş İmamı Şeyx Əhməd əl-Tayyib ilə görüşləri, dünyanın tanınmış media qurumlarına müsahibələri nəzərdə tutulur.

Səfər sentyabrın 16-dək davam edəcək.