Bakının Sabunçu rayonu ərazisində qəzalı vəziyyətdə olan binanın sakinləri acınacaqlı vəziyyətlə üzləşiblər.
Bu barədə sakinlər Baku.ws-in “qaynar xətt”inə müraciət ediblər.
Onlar bildiriblər ki, 1880-ci ildə tikilmiş binada yaşamaq həddən artıq təhlükəlidir. Sabunçu qəsəbəsi, H.B.Zərdabi (S.M.Əfəndiyev) küçəsində yerləşən 13-cü binanın sakinləri 142 yaşı olan tikilidən nə vaxt canlarını qurtaracaqları günü səbirsizliklə gözləyirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, onlara bu istəklərinin nə vaxt reallaşacağı barədə cavab verilməyib.
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən sayta bildirilib ki, qəzalı bina barədə məlumatlıdırlar:
“Bakı şəhəri üzrə qəzalı vəziyyətdə olan binaların siyahısı hazırlanaraq aidiyyəti qurumlara göndərilib. Hazırda rayon ərazisində vəziyyəti barədə akt tərtib olunan binaların sayı 19-dur. Bu binalara Fövqəladə Hallar Nazirliyi akt tərtib edib. Digər tərəfdən, 17 binanın təmir-bərpa işlərinə ehtiyacı olduğu müəyyən edilib. Ümumilikdə isə qəza aktı olmayan 177 bina var. Onlar barəsində siyahılar tərtib olunaraq aidiyyəti qurumlara təqdim edilib və bu barədə qərar veriləcək”.