“Whatsapp” qrupları yaradaraq onlayn lotoreya keçirmək adı altında minlərlə insanı aldadan dələduzlar həbs ediliblər.
Bu barədə "Sherg.az"a Daxili İşlər Nazirliyinin ( DİN ) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Bildirib ki, onlar qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu söyləyib. Ödənilən pulların 5 qat qazanc formasında onlara geri qaytarılacağına vəd edib.
Bu işlə bağlı zərərçəkən şəxslərin, eləcə də onlayn lotoreya keçirmək adı altında insanları aldadan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində “Whatsapp” qrupları yaradaraq guya onlayn lotoreya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılaraq Baş İdarəyə gətiriliblər.
Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotoreya təşkil etdikləri 2 “Whatsapp” qrupu olub. Kişilərin qrupunda adminlik Pavlov Qennadiy, qadınların qrupunda isə Aida Əliyeva tərəfindən həyata keçirilib.
Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Saxlanılan şəxslər insanlarda inam yaratmaq məqsədi ilə hər gün qruplarda guya müxtəlif şəxslərə ödənişlər etdiklərini bildiriblər və bunun üçün saxta ödəniş qəbzləri hazırlayaraq paylaşıblar.
Həmçinin Aida Əliyeva qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu və ödənilən pulların 5 qat qazanc formasında onlara geri qaytarılacağına vəd edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Aida Əliyeva və Pavlov Qennadiy təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
DİN bir daha vətəndaşları onlayn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri təşkil edən şəxslərə, həmçinin lotoreya adı altında şişirdilmiş qazanclar vəd edən “işbazlara” inanmamağa çağırır.