Pərvin Nurəliyeva:"Normal psixoloji durumda olan valideyn öz övladına xəsarət yetirə bilməz"
"Mütəxəssislər hadisənin səbəblərini aşkarlamalıdır"
"Son vaxtlar qadınların uşaqlara qarşı davranışı, aqressiyası bütün sosioloq, psixoloq, ailə institu ilə məşğul olanları problem haqda düşünməyə vadar edir. Niyə Azərbaycan qadını aqressivləşib? "
Bu sözləri "Sherg.az"a açıqlamasında övladını zəhərləyərək öldürməkdə şübhəli bilinən ana barədə danışarkən yazıçı Pərvin Nurəliyeva deyib.
O, qadınları cəmiyyətin siması adlandırıb:
"Bir neçə gün öncə, loqoped mərkəzində danışa bilməyən uşaqlara zorakılıq törədən qadınların videosu yayıldı. Onların aqressiv olması hər kəsi düşündürməlidir.
Normal psixoloji durumda olan valideyn öz övladına xəsarət yetirə bilməz. Təbii ki, onun psixologiyası yerində deyil. Məsələnin kökünü araşdırmaq lazımdır. Niyə Azərbaycan qadını çətin psixoloji durumdadır? Mütəxəssislər hadisənin səbəblərini aşkarlamalıdır.
Baş verən hadisə cəmiyyətin digər üzvünün nəticə çıxarması üçün vacib elementdir. Ailə institu məsələsinə bir daha baxılmalıdır. Qadınların asudə vaxtını dəyərləndirməsi, xoşbəxt olması üçün ailə institutları, təşkilatlar səviyyəsində hər kəs maraqlanmalıdır".
Qeyd edək ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində ana 1 yaşlı övladını zəhərləyərək qətlə yetirməkdə şübhəli bilinərək saxlanıb. Hadisəylə bağlı Suraxanı Rayon Prokurorluğundan məlumat verilib. Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr aşkarlanıb.
Hadisə ilə bağlı BAKU TV-yə danışan körpənin nənəsi Leyla Bağıyevanın sözlərinə əsasən, körpənin ölmədiyini görən ana övladını boğaraq öldürüb. Uşağın nənəsi qızının psixoloji problemləri olduğunu vurğulayıb. Buna görə də azyaşlıya nənə özü baxırmış.