“Daşıyıcı şirkətlər zərərlə işləyir. Demirəm, gediş haqları qaldırılmalıdır, xeyr”
“Çıxış yollarından biri dövlət tərəfindən onlara subsidiyaların ayrılmasıdır”
Nəqliyyat şirkətlərinin qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına müraciəti barədə təkliflər hökumətə təqdim olunacaq. Nazirlikdən bildirilib ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət ediblər. Müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.
Nağdsız ödənişlə fəaliyyət göstərən sərnişindaşıma şirkətlərindən sərnişinlər o qədər də narazı deyil. Problem avtobuslar tıxacda qaldığı zaman yaranır, avtobusların gecikməsi intervalın uzanmasına və sərnişin sıxlığına səbəb olur. Bəzən avtobuslar arasındakı interval 20-25 dəqiqə çəkir. Nağd ödənişlə işləyən avtobus sürücüləri də çox zaman şikayət edirlər ki, nağdsız ödənişə keçsəydilər sərnişinlərin töhmətindən qurtulardılar. Nağd ödənişli ictimai nəqliyyatda plan məsələsi sürücülərin də, sərnişinlərin gününü göy əskiyə büküb. Sürücü gah tələsir, gah da bilərəkdən gecikir ki, avtobus salonunda gündəlik planın ödənməsinə rəvac verəcək sayda sərnişin olsun. Sürücülər “boş avtobusu sürüm? Bəs planı necə verim?” deyə haqlı-haqsız söylənirlər də. Qısası, paytaxtın ictimai nəqliyyat problemi həllini tapmır. Bu gedişlə nə vaxt həllini tapacaq, proqnoz vermək də çox çətindir. Başqa məsələ, ictimai nəqliyyatda gediş haqlarının qaldırılmasıyla bağlıdır. Əslində, insafla yanaşsaq, ölkədəki ümumi qiymət artımı fonunda ictimai nəqliyyatda gediş haqqı şəhərdaxili marşrutlarda 30 qəpik, şəhərətrafı marşrutlarda isə məsafədən asılı olaraq 35-40 qəpikdir və qiymət uzun illərdir dəyişməz qalır. Amma məsələ təkcə gediş haqqında deyil. Məsələ, gediş haqqı qalxacağı təqdirdə icitmai nəqliyyatın problemlərinin azalıb-azalmayacağındadır. 30 qəpik də az miqdar deyil. Amma sərnişinlər 30 qəpik ödəyib saatlarla yolda qalırsa, bu xidmət üçün heç 1 qəpik ödəməyinə də dəyməz. Problem necə həllini tapacaq?
Nəqliyyat problemləri üzrə ekspert Rauf Ağamirzəyev “Şərq”ə açıqlamasında ictimai nəqliyyatın hazırda böhran vəziyyətində olduğunu dedi:
" Şəhəri canlı orqanizm kimi təsəvvür etsək, küçə-yol şəbəkəsi bu orqanizmin qan damarlarıdır. Damar da tıxanırsa, orqanizm iflic vəziyyətinə düşür. Paytaxt sakinləri hər gün bu vəziyyəti görür və onu yaşayırlar. Sərnişindaşımanın mobilliyini təkcə avtobuslarla həll etmək mümkün deyil. Başqa vasitələr də olmalıdır. Məsələn, relslərin üzəri ilə hərəkət edən bir tramvay birdəfəyə 345 sərnişin daşıyır. Hansı avtobus bu tutuma malikdir? İctimai nəqliyyatın sərbəst hərəkəti üçün xüsusi zolaqlar olmalıdır və buna sərt nəzarət olmalıdır. Gələk, qiymət məsələsinə. Biz unuduruq ki, pandemiya dövründə metropoliten 270 gün bağlı qaldı, bütün yük avtobusların üzərinə düşdü. Bu müddətdə yanacağın da qiyməti qalxdı, təbii qazın da. Amma ictimai nəqliyyatda gediş haqları qalxmadı. Daşıyıcı şirkətlər zərərlə işləyir artıq. Onları da böhran vəziyyətindən çıxarmaq lazımdır. Mən demirəm, bunun yolu gediş haqlarının qaldırılmasıdır, xeyr. Müxtəlif, başqa üsullar, vasitələr var. Onlardan biri də dövlət tərəfindən daşıyıcı şirkətlərə subsidiyaların ayrılmasıdır. Dövlətin ayırdığı subsidiya zərərin qarşılanmasına kömək edir. O zaman gediş haqqı da artmaz. Gediş haqqı artacağı təqdirdə isə bu, toplu daşımanın keyfiyyətində özünü mütləq göstərməlidir".