Dükandan şokolad oğurlayan uşaq...
Mağaza müdiri bilməlidir ki, onları 500 manatdan 800 manatadək cərimə gözləyir
Sabunçu rayonundakı “OBA-8” mağazasında azyaşlı uşağın 12 ədəd “Alpenqold” şokoladı oğurladığı üçün girov saxlanıldığı barədə məlumat yayılıb. Uşağın valideyni iddia edib ki, oğurluğun qarşılığında 300 manat ödəmək tələb olunub, o isə telefonunu və şəxsiyyət vəsiqəsini girov qoyaraq, uşağı mağazadan çıxara bilib. Daha sonra isə 150 manat verdiyini, 50 manat verməsinin də tələb olunduğunu vurğulayıb.
Sabunçu rayonunda yerləşən OBA-8 mağazasında baş verən olayla bağlı artıq Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib ki, araşdırmanın nəticəsindən asılı olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.
Vəkil Aqil Layıcov isə mövzu ilə bağlı açıqlamasında şəxsiyyət vəsiqəsinin girov saxlanılmasının inzibati xəta olduğunu vurğulayıb. Vəkilin sözlərinə görə, bu halda inzibati xətaya yol verən şəxs 500 manatadək cərimə olunur: “Uşağın hansı şəraitdə və nə qədər müddət saxlanıldığı, yaşı, cinsiyyəti və s. hamısını video və səs yazıları əsasında detallı şəkildə araşdırıldıqdan sonra dəqiq fikir söyləmək olar”.
“OBA” marketlər şəbəkəsinin korporativ kommunikasiya bölməsinin müdiri Ülkər Qasımova sözügedən məlumatı təkzib edib. O, açıqlamasında bildirib ki, “OBA" marketlər şəbəkəsinin şagirdi girov götürməsi iddiası həqiqəti əks etdirmir: “Ötən gün “OBA” marketlər şəbəkəsinin Sabunçu rayonu ərazisində yerləşən “OBA 8” mağazasında, yanvar ayının əvvəlindən başlayaraq yetkinlik yaşına çatmamış 9-cu sinif şagirdinin mağazadan oğurluq etməsi və mağaza müdirinin bunun müqabilində valideyndən pul tələb etməsi ilə bağlı iddia araşdırılıb.
Qeyd etmək istərdik ki, mağazalarımızda təmin edilmiş təhlükəsizlik vasitələrinin dəstəyi ilə müştərilərimizin, mağazalarımızın və əməkdaşlarımızın hüquq və mənafelərini qorumaq məqsədilə daimi nəzarət aparılır.
Təəssüf ki, son hadisədə adı açıqlanmayan yetkinlik yaşına çatmamış müştəri, kassadan keçmədən fərqli tarixlərdə müxtəlif çeşidli məhsulları, gündəlik ehtiyacdan artıq miqdarda oğurlayıb.
Mağaza müdiri, müştərinin yetkinlik yaşına çatmadığını və həmin andakı emosional, psixoloji vəziyyətini nəzərə alaraq valideynlə əlaqə saxlanmasını tələb edib. İlk olaraq müştərinin böyük qardaşı mağazaya gəlib və valideyn gələnə qədər onunla birlikdə mağazada gözləyiblər. Valideyn mağazaya yaxınlaşdıqda video görüntüləri izləyib. Əməkdaşımız hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirəndə, xanım ailə vəziyyətini açıqlayaraq övladının yetkinlik yaşına çatmadığını nəzərə alaraq məsələni qarşılıqlı razılaşma ilə həll etməyi xahiş edib.
Valideyn kifayət qədər vəsaiti olmadığını əsas gətirərək könüllü şəkildə şəxsiyyət vəsiqəsini və mobil telefonunu girov qoyub, dəymiş zərərin yalnız 150 AZN-lik hissəsini ödəməyi təklif edib.
Hadisə ilə bağlı kamera görüntüləri mövcuddur və zəruri görüntülər yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim ediləcək.
Mağaza müdiri ananın göz yaşlarına və ailə vəziyyətinə görə polisə müraciət etmədiyini bildirib: “Ana bu məsələni öyrəndiyi zaman mağazada uşağını döydü və ağlamağa başladı. Polisə zəng etməməyim üçün çox yalvardı və göz yaşı tökdü. Mən də bir ananın hayqırtısını heçə saya bilmədim. Hər birimiz bu ölkənin vətəndaşıyıq. Bu uşaqlar bizim gələcəyimizdir. Düşündüm ki, uşaq qorxub qaça bilər və özünə hər hansı zərər yetirə bilər. Bu səbəbdən uşağın böyük qardaşı ilə birgə ananın gəlməsini gözlədik. Təəssüf ki, mən bu hadisədə özümü yox, qarşı tərəfi daha çox düşünərək, haqlıykən haqsız vəziyyətə düşdüm. Bu hadisədə kiminsə girov götürülməsindən qətiyyən söhbət gedə bilməz”.
Qeyd etmək istəyirik ki, bu cür hallar heç bir halda arzuolunan deyil. Lakin mağaza müdiri şəxsi təşəbbüsü ilə müştərinin yeniyetmə olduğunu, valideynin övladının səhvini qəbul etdiyini və ailə vəziyyətini nəzərə alaraq məsələni yerindəcə həll etməyə çalışıb.
Buna baxmayaraq, “OBA” marketlər şəbəkəsi olaraq həm əməkdaşlarımızı, həm də valideynləri və cəmiyyəti uşaqlara düzgün dəyərlər aşılamağa çağırırıq.
Hadisənin həssas məqamlarını nəzərə alaraq, şirkətimiz gələcəkdə bu cür halların qarşısını almaq məqsədilə ictimai maarifləndirmə tədbirləri həyata keçirməyi planlaşdırır. Biz bu məsələdə ailəyə dəstək göstərməyə və anlayışlı olmağa çalışırıq”.
Hüquqşünas Əliməmməd Nuriyev “Sherg.az”a açıqlamasında qeyd edib ki, qanunvericiliyə görə, şəxsdən yalnız hərbi xidmətə çağırış zamanı, hərbi təhsil müəssisəsində təhsil alarkən və ya şəxs barəsində ev dustaqlığı tədbiri seçildiyi halda şəxsiyyət vəsiqəsi girov götürülə bilər:
“Hər hansı alqı-satqı zamanı, borc götürəndə və konkret olaraq “OBA”dakı kimi hallarda şəxsiyyət vəsiqəsinin girov qoyulması tamamilə qadağandır. Bu hallarda şəxsiyyət vəsiqəsini girov götürən şəxslər bilməlidirlər ki, onları 500 manatdan 800 manatadək cərimə gözləyir.
Şəxsiyyət vəsiqəsi qanunsuz götürülən və yaxud girov saxlanılan şəxs bu barədə şikayət ərizəsini həmin ərazi üzrə prokurora yazmalıdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, bu qanun pozuntusuna dair işlər üzrə icraata prokuror tərəfindən başlanılır”.
“Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov da “OBA” marketlər şəbəkəsinin bu əməlini tənqid edərək, üzrlərinin qəbahətindən daha betər olduğunu vurğulayıb:
“Buna "özünüifşa" demək daha düz olar.
Təkzib materialında qeyd ediblər ki, yetkinlik yaşına çatmamış müştəri, kassadan keçmədən fərqli tarixlərdə müxtəlif çeşidli məhsulları, gündəlik ehtiyacdan artıq miqdarda oğurlayıb. Belə çıxır ki, gündəlik ehtiyac miqdarında oğurlasa, dəyib-toxunan olmayacaqdı?! "OBA"nın oğurluğa icazə verilən "gündəlik ehtiyac miqdarı" nə qədərdir?!
Uşağın valideynindən əvvəl 300 manat tələb edilib, o da 150 Azn-lik hissəsini ödəməyi təklif edib. 150 Azn - bir ailənin normal bazarlıq puludur. Yeniyetmə 150 Azn-lik nə oğurlaya bilər?! "OBA" qızıl dükanı deyil axı. 150 Azn-lik malı necə gizlicə keçirmək olar?! Aydındır ki, mağazanın əməkdaşları valideyndən uşağı polisə təhvil verməməyin müqabilində pul tələb ediblər. Guya mağaza müdiri ananın göz yaşlarına və ailə vəziyyətinə görə polisə müraciət etmədiyini bildirib. Necə müqəddəs insanlardırlar, İlahi!!! Təklif edirəm, OBA-nın adını dəyişib, "Mələklər marketi" qoysunlar. Belə yaxşı adamsınızsa, uşağın oğurluq etməsinə imkan verməyin. Malı götürüb, pulunu ödəmir? Əlindən al, yerinə qoy, uşağı da danla və burax. Valideyni çağırıb, pul tələb etmək nə deməkdir?! Qanun pozulubsa, polisə müraciət et!!! Onlar özləri yeniyetmə ilə yaşına uyğun davranacaqlar. Bu, onların məsuliyyətidir. Mağaza müdiri nə vaxtdan qanunların icrasına nəzarət etməyə məsul şəxs olub?!”.