"Əlillik dərəcəsinin əyani şəkildə qiymətləndirilməsi qazilərə kömək edəcək”


“Yaxşı olar ki, digər bölgələrdə də bu layihə icra edilsin, qazilər əziyyət çəkib paytaxta üz tutmasınlar”

  Qubada əlillik dərəcəsinin mərkəzləşdirilmiş qaydada əyani qiymətləndirilməsi layihəsi hazırlanıb. Trend-in məlumatına görə, bunu Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əlyar Sərvərov verib. O bildirib ki, insanlara əlillik dərəcəsinin düşüb-düşmədiyinin müəyyən edilməsi üçün həkim yoxlaması təşkil ediləcək: "Əlilliyi olan şəxs xəstəxanaya müraciət edir. Mərkəzləşmiş qaydada bütün əlillik dərəcələri üçün xəstə müxtəlif profillər üzrə həkimlərin əyani müayinəsindən keçirilir. Bütün nəticələr pasiyentin gözü qarşısında açıqlandığı üçün hər hansı şikayət və etiraz halları da baş vermir. Hazırda biz bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icazəsi ilə pilot kimi həyata keçiririk. Layihə özünü doğruldarsa, müvəffəqiyyətlə müsbət nəticələr əldə edilərsə, tam hazır layihə kimi digər regionlarda həkim məsləhət komissiyaları fəaliyyət göstərilən tibb müəssisələrinə də təqdim ediləcək".

  “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev “Şərq”ə açıqlamasında əlilliyin əyani qiymətləndirilməsinin müsbət yanaşma olduğunu dedi: 

- 1991-1994-cü illərdə Vətən uğrunda döyüşlərdə yaralanıb qazi olanların demək olar əksəriyyətinə məhz əyani qiymətləndirmə əsasında əlillik dərəcələri təyin edilmişdi. Əlilliyin əyani təyinin ən böyük üstünlüyü budur ki, həkim pasiyentlə canlı ünsiyyətdə olurdu. Qazinin yaralarını görür, ümumi durumunu qiymətləndirə bilirdi, bunun əsasında da ona əlillik dərəcəsi təyin edilirdi. Müharibə əlili ildə bir dəfə təkrar həkim müayinəsindən keçir və müalicə alırdı. 

Əgər əlilin səhhəti uzun müddət bərpa edilməmiş olurdusa, yəni sağlamlığın bərpasının mümkünsüzlüyü müəyyənləşirdisə, ona ömürlük əlillik təyin edilirdi. Lakin sonra elektron qiymətləndirmə üsulu tətbiq edilməyə başladı. Qazinin mövcud vəziyyəti, sağlamlığı haqqında  məlumatlar elektron sistemə daxil edildi. 

Tutalım, elektron sistemdəki məlumatda qeyd edilir ki, ayaq dizdən aşağı amputasiya edilib, bu şəxsə III qrup əlillik təyin edilir. Halbuki, bu şəxsin əlavə xəstəlikləri də, başqa xəsarətlər, yaralar alıb vaxtilə, kantuziyası var, kəllə-beyin travması alıb. Amma elektron qiymətləndirmə sistemi olduğu üçün bunlar nəzərə alınmır, şəxsin üzünü görmədən ona əlillik təyin edilir.

 Bunun bir səbəbi də budur ki, bir çox xəstəliklər bir neçə il əvvəl əlillik dərəcəsi təyin edilə bilən xəstəliklər siyahısından çıxarılmışdı, məhz buna görə də qazilərin bir çoxu əlillik dərəcəsindən məhrum qalırdı. Biz xəstəliklər siyahısının düzgün tərtib edilmədiyi barədə dəfələrlə məsələ qaldırdıq, nəhayət, 800-ə yaxın xəstəlik yenidən o siyahıya salındı. İndi müharibə əlilləri qanunla onlara təyin edilə biləcək dərəcələrini ala bilir artıq. 

Əlilliyin əyani qiymətləndirilməsi də qazilərə çox kömək edəcək. Qazaxdan olan qazi qardaşımızın əlillik dərəcəsi məhz əyani qiymətləndirmədən sonra bərpa edildi. Əyani qiymətləndirmənin üstünlükləri çoxdur və bu, düzgündür. Yaxşı olar ki, digər bölgələrdə də bu layihə icra edilsin, qazilər əziyyət çəkib paytaxta üz tutmasınlar.