“Ən təhlükəlisi isə belə adamların məktəblərin ətrafında gəzişməsidir”
“Məktəblərin də nəzarət mexanizmi gündən-günə zəifləyir”
Dilənçilərin pul toplamaq metodları tez-tez dəyişir. İnsanların yalvarışlara etinasız qaldığını, hətta dualara da artıq “ehtiyacları qalmadığını” görən dilənçilər başqa üsullara əl atır. Qucağında körpə metodu da artıq insanları “tərpətmir”. Çoxumuz, “get işlə də”, düşünüb yanlarından keçirik. Dilənçiliyi həyat tərzinə və gəlir mənbəyinə çevirənlər də başqa üsullardan yararlanır. Son zamanlarda pul toplamaq üsulları sırasına “övladım xəstədir, dərman almalıyam”, “mən dilənçi deyiləm, övladım üçün dilənməyə məcburam”, “xəstəyəm, kömək edin” tipli, yaxud əlində quru-nəm salfetlər metro çıxışlarında boynu bükük dayanıb keçib-gedənlərdən salfet almağı rica edənlər, eləcə də fağır görkəm alaraq “evə getməyə pulum yoxdu, kömək edin”, “acam, çörək almağa pulum yoxdu”, deyib insanların hisslərinə, duyğularına nüfuz edərək pul qoparanlar az deyil. Hətta son zamanlar insanlara tarif kəsən dilənçilər də peyda olub. Qəpik yox, manat sifariş edirlər - “1 manat verin”. Ən təhlükəlisi isə belə adamların məktəblərin ətrafında gəzişməsidir.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Trend-ə bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası daxili işlər orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılır, polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparır və onları bu fikirdən daşındırmağa çalışırlar. "Bəzən görürük ki, bu şəxslər əməllərini öz həyat tərzinə çeviriblər. Hətta yetkinlik yaşına çatmayanlar da dilənçiliyə sövq edilir. Yetkinlik yaşına çatmayan diləndirilən şəxsin valideynləri varsa, o, polis əməkdaşları tərəfindən evinə təhvil verilir. Digər şəxs barəsində də qanunamüvafiq tədbirlər görülür." N.Əliyev bildirib ki, daha çox məscidlərdə, ziyarət yerlərində və insanların sıx toplaşdığı digər əarzilərdə bu cür neqativ hallara rast gəlinir. Belə yerlərdə polis əməkdaşları gücləndirilmiş nəzarət həyata keçirir: "Dilənçi, avara və tüfeyli həyat tərzi sürən şəxslərin arasında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən, oğurluq və digər cinayət törədən şəxslər də aşkarlanır və qanunamüvafiq tədbirlər görülür".
Bəs məktəbliləri necə qoruyaq? Polis üzərinə düşən vəzifəni yerinə yetirir, bəs məktəb, valideynlər təhlükənin uzaqlaşdırılmasında necə iştirak edir və ümumiyyətlə iştirak edirlərmi?
Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında məktəblərin az qala sirli qalaya çevrildiyini dedi:
- Ailələrdə nəzarət mexanizmi çox zəifdir. Məktəblərin də nəzarət mexanizmi gündən-günə zəifləyir. Bir valideyn kimi deyim ki, məktəbə girə bilmirik. Məktəbin daxilində nələr baş verir, anlamırıq, bilmirik. Məktəbə girmək üçün az qala yazılı izahat istəyirlər. Soruşurlar “niyə girirsən?”, “hansı məqsədlə, kimin arxasınca?” və s. Dərs zamanıdırsa, övladımı görə bilmək üçün bir neçə prosedurdan keçməliyəm. Başa düşürük, bunu uşaqların təhlükəsizliyi üçün edirlər. Uşaqların təhlükəsizliyi üçün görülən tədbirlərdən valideyni təcrid etmək də doğru deyil. Uşaqların təlim-tərbiyəsində məktəblə valideyn birgə çalışmalıdır. Valideynlə kontakt tərbiyənin tərkib hissəsidir. Biz telepatiya yolu ilə ünsiyyət qurmalı deyilik, “Whatsapp” valideyni olmamalıyıq, müəllimlər də həmçinin. Birbaşa kontakt mütləqdir. Uşaqlarımızın gələcəyi, məktəblə valideyn arasındakı bağlılıq, ünsiyyət canlanmalıdır. Biz övladlarımızı birgə qorumalıyıq. Məktəblərin ətrafında tüfeylilər, dilənçilər, ən dəhşətlisi narkotik maddə aludəçilərinin artması böyük təhlükədən xəbər verir. Polis məktəbdən kənarda, məktəbin çölündə bu işlə məşğuldur. Məktəb kollektivi və valideynlər isə məktəbin daxilində və evdə övladlarıyla məşğul olmalı, onlara zərərli vərdişlərin bədbəxtliyə aparıb çıxardığını anlaşılan bir dillə başa salmalıdırlar. Uşaqlara kənar şəxslərlə ünsiyyətin formaları izah edilməlidir. Biz övladlarımızı “insanlara yaxınlaşma, uzaq gəz, yardım etmə”, ruhunda böyüdə bilmərik. Nəticədə ruhsuz, laqeyd nəsil yetişər. Sadəcə, uşaqlara nəyin pis, nəyin yaxşı olduğu, təhlükə xarakteri daşıyan hallar başa salınmalıdır. Uşaqlara başa salmalıyıq ki, birisi səndən yardım istəyirsə, müəlliməyə xəbər ver, valideyninlə əlaqə saxla. Səni harasa aparmaq istəyirlərsə, qəti surətdə imtina et, çünki sən vaxtında evdə olmalısan, atan-anan narahat olacaq. Şagirdlərə, müəllimlər bu yöndə təlim keçməli, onlara həyat dərslərini anlatmalıdırlar. Məktəblə ailə birləşərsə, təhlükələri önləyə biləcək.