Uşaqları zərərli informasiyalardan qorumaq mümkündür
Kəmalə Ağazadə: "İnternet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq işarəsi mütləq olmalıdır"
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Uşaqların zərərli informasiyalardan qorunması günümüzdə ən aktual məsələdir. Bəlkə də bu problemin həlli indiyədək tapılardı. Əgər valideynlər övladlarının smartfon, planşet ərköyünlüyünün qarşısını almış olsaydılar. Deyə bilərsiniz ki, necə alsınlar, xüsusilə pandemiya dövründə uşaqlar mobil telefonlarla daha artıq “dostlaşdılar”, dərslərin onlayn keçilməsi səbəbindən. Bəs dərsdən sonra? Valideyn nəzarət etdimi ki, görsün övladı telefonda nəyə baxır, nəyi izləyir, əlindəki müasir texnologiyadan hansı məqsədlə istifadə edir? Yenə bəhanə tapılacaq; vaxt var, valideyn də işləyir, evdən səhər çıxıb, axşam qayıdır. Və yaxud, “internetə nəzarət mümkün deyil” - tipli son dövrün populyar cavabını verəcəklər. Mümkündür. İstək, arzu, qayə, cəhd olarsa. 3-4 yaşlı uşağı yedirmək üçün analar mobil telefonu uşağın gözünün qarşısına tutur. Özünə də bəraət qazandırır: “neyləyim, uşaq telefonda video izləməsə yemək yemir!”.
Var belə analar. Ana (həm də işsiz, evdar gənc analar) əziyyətə qatlaşıb övladını şirin dillə, nağıl, hekayə danışaraq, anlada-anlada yedizdirməkdənsə, uşağın smartfonda qəribə-qəribə cizgi filmləri, bəlkə də daha çox “Tik-Tok” videoları izləməsinə özü şərait yaradır, təki uşaqla məşğul olmasın, çünki “əsəbiləşir”, hövsələsi çatmır. Ya da ümumiyyətlə, uşaqla davranış qaydalarını bilmir. Beləcə, uşaq evdə anadan çox telefonla ünsiyyətə alışır, telefon uşağın ən yaxın dostuna, getdikcə sirdaşına çevrilir. Günlərin birində isə həmin o telefon, təəssüf ki, uşağın gələcəyini puç edir. “Mavi balina”nı xatırlatmaq nə qədər ağır olsa da, bu dəhşətli “oyun” nə qədər övladımızı qurbana çevirdi. Eləcə də zorakılıq təbliğ edən kompüter oyunları, çizgi filmlərinin eybəcər qəhrəmanları...
Məktəblilər dərsdən sonra 2-3, 4-5 nəfər toplaşıb telefonlarda nələrsə izləyirlər. Onların nəyə baxdıqları, baxdıqlarından nə örnək alacaqlarını da bilmirik. Məktəblilərin hansısa videoları gizli izləmələri də şübhələnməyə əsas verir. Problem barədə feysbukda da müzakirə açılıb. AzNews.az portalının baş redaktoru Taleh Şahsuvarlı uşaqların zərərli informasiyalardan qorunması mövzusuna toxunub. Jurnalist bu mövzuda status paylaşıb: “Bütün saytlar analitikslərlə işləyir. Hər bir analitiksdə sayta girən oxucuların yaş həddi üzrə seqmentləşmə aparılır. Hər dəfə AzNews-un analitiksinə baxanda qorxa-qorxa nəzər saldığım bir seqment var: 18 yaş altındakı yeniyetmələr. FB paylaşımları artdıqca o seqment də artır. Bunu sayt işindən az-çox anlayışı olan hər kəs bilir. Bayaq taksi ilə gələrkən qarşıma FB paylaşımları çıxır. Birinin başlığı təxminən belə idi: "Aktrisadan etiraf: Binanın girişində cinsi əlaqədə oldum". 18 yaş nəsli bu başlığı qaçırmaz, bu, insan psixologiyasıdır. Ancaq qanun var, azyaşlıların zərərli informasiyadan qorunması qanuni tələbdir. Üstəlik, biz kimi cəmiyyətə örnək göstəririk? Azərbaycan ailə institutuna bu basqını etməyə kim haqq tanıyıb? Odur ki, Mətbuat Şurasının sədri Rəşad Məcid və Komitə sədri Bahar Muradovadan xahiş edirəm, təcili "Media və ailə dəyərləri: azyaşlılar zərərli informasiyalardan necə qorunmalıdır" başlıqlı bir "dəyirmi masa" təşkil olunsun. Mən orada çıxışçı olaraq etik və hüquqi məsələləri izah etməyə hazıram. Vallah, billah belə biabırçılıq olmaz!”.
“Dəyirmi masa”lar problemi çözəcəkmi? Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Şərq”ə açıqlamasında qeyd etdi ki, uşaqları qorumaq onları xəsarət almaqdan, xəstələnəndə həkimə aparmaqdan, vaxtlı-vaxtında yedirib-içirməkdən, ya da bahalı oyuncaqlar almaqdan ibarət deyil.
Uşaqların gələcəyi üçün ən böyük təhdid, hazırda zərərli informasiyalar, zorakılıq, şiddət təbliğ edən filmlər, çizgi filmləri, internet resurslarda yayılan videolardır:
- "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu mövcuddur. Qanun Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Xatırladım ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə görə, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına, informasiya məhsulunun qanunda nəzərdə tutulan qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən müəyyən edilən hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılması qadağandır. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar da müəyyən edilib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət və sağlamlaşdırma müəssisələrində yayılmasına görə isə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir. Bu, müsbət haldır. Və uşaqlar arasında zərərli informasiyaların yayılmasının qarşısının alınmasına yönəlib.
Amma təəssüf ki, indiyədək biz televiziyalarda yayım zamanı yaş kateqoriyası qeyd edilən filmlərə, proqramlara rast gəlmirik. Bu isə uşaqların zərərli informasiyalar, onların yaş kateqoriyasına uyğun gəlməyən filmlərə, proqramlara sərbəst izləmə imkanı yaradır. Hətta mən istəyərdim ki, paytaxtda kafe və çayxanaların reklamında da uşaqlar üçün təhlükə daşıyan elanlara yol verilməsin. Kafelərə, çayxanalara elan yazırlar ki, çay+qəlyan.
Bu nə deməkdir? Bunu azyaşlılar da görür, yeniyetmələr də, bu cür çağırışlar uşaqları cəlb edir. Beləliklə də onlar zərərli təsir altına düşürlər. Söhbət uşaqlarımızın gələcəyindən gedir. İnternet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq işarəsi mütləq olmalıdır.
Bu, uşaqları zərərli vərdişlərin əks olunduğu video-materiallardan, açıq-saçıq materiallardan, uşaqların yaş həddinə uyğun gəlməyən təhlükəli paylaşımlardan qoruyar. Amma bunu da etiraf etməliyik ki, cəzalar məsuliyyətini heç də həmişə azaltmır. Cəzaların tətbiqi ilə iş bitmir. Ən əsas nəzarəti məhz evdə valideynlər həyata keçirməlidir.
Təhsil Nazirliyinin belə bir layihəsi var: internet resurslarından filtrli istifadə. Bu proqram sayəsində zərərli, zorakılıq, qəddarlıq elementləri daşıyan informasiyalar, video-çarxlara giriş qapalı olur. Bu proqrama qoşulmaq çətin iş deyil. Sadəcə, valideynlər bir qədər məsuliyyətli olmalı, uşaqlarının gələcəyini düşünməlidir.
Valideyn əgər məcburiyyət qarşısında övladına smartfon alırsa, o zaman zəhmət çəkib elə mağazadaca telefona xüsusi proqram yükləsin, hansı ki, o proqram sayəsində “Tik-Tok” kimi internet resurslarına giriş mümkün deyil. Valideyn övladının əlinə smartfon verirsə, hansı məqsədlə, səbəblə olursa-olsun, bunu da bilməlidir ki, uşaq həmin smartfonda başqa videolar da izləyə biləcək, zərərli informasiyalara girişi sərbəst olacaq.
Bunun qarşısını almaq mümkündür, mobil telefona xüsusi filtr proqramı yükləməklə. Valideyn gərək səhlənkarlıq etməsin, övladının gələcəyini düşünsün. Hesab edirəm ki, bu məsələdə valideyn nəzarəti əsas şərtlərdən biridir. Təbii ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Audiovizual Şurası da problemin həllinə çalışmalıdır.
Bu işdə hər birimizin üzərinə konkret öhdəlik düşür. “Dəyirmi masa” keçirib hamının bildiyi məsələdən danışıb, sonra da dağılışmaq, problemin həllinə kömək etməz. Konkret addımlar atılmalı, uşaqların asudə vaxtının təşkili, dərsdən sonrakı vaxtın bölüşdürülməsi, uşaqların maraq dairəsinə daxil olan oyunlar, proqramlar işlənməlidir. Uşaqları və ailələri qorumağın bir yolu da budur.