Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayev və onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb. İcra hakimiyyətindəki həbslərlə əlaqədar Lənkəranın deputatları Rüfət Quliyev və Cavanşir Paşazadə əməliyyatdan xəbərsiz olduqlarını bildiriblər. Lənkəranın icra başçısı Taleh Qaraşov isə əməliyyat zamanı Lənkəranda olmayıb. Qeyd edək ki, Taleh Qaraşov Lənkəran rayonuna 2012-ci ildə icra başçısı təyin edilib. Bundan öncə o, Kürdəmirin (1996–2002), Cəlilabadın (2002–2006), Neftçala (2006–2011) və Astara rayonlarının icra başçısı (2011–2012) vəzifəsində çalışıb.
Qeyri-Hökumət Təşkilatları Formunun (MQF) prezidenti Rauf Zeyni məsələ ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, Prezident İlham Əliyevin apardığı islahatlara əsasən ictimai nəzarətin gücləndirilməsi üçün qurumalarda əməliyyatların keçirilməsi, yoxlamaların aparılması mütəmadi olaraq davam etdiriləcək:
“Dövlət qulluğunda xidmət edən şəxslər ölkə başçısının bundan öncə aşkarlanan korrupsiya hadisələrində etdiyi xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar. Təəssüflər olsun ki, psixologiya belə formalaşıb ki, insan öz başına iş gəlməyənə qədər nədənsə nəticə çıxarmır.
İndi Lənkəran Şəhər İcra Hakimiyyətində hər hansı bir əməliyyat aparılırsa, deməli, onunla əlaqədar öncədən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə əməliyyat məlumatları daxil olub.
Yəqin ki, korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən hazırda saxlanılanların korrupsiya əməlləri haqqında ətraflı məlumat veriləcək.
Bizdə olan məlumata görə bu əməliyyat tədbirləri gücləndiriləcək və ilin sonuna qədər davam etdiriləcək. Bundan sonra da ölkə prezidentinin tapşırığına əsasən korrupsiyaya qarşı mübarizə daha da gücləndiriləcək”.