İran Ermənistanın mövqeyini tam dəstəkləyir  - AÇIQLAMA

Tehran Zəngəzur dəhlizinə Ermənistandan daha kəskin reaksiya verir 

Hətta SEPAH bu layihənin 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq işə düşməsi halında Rusiyanı və Türkiyəni müharibə ilə hədələmişdi

  “Sülh qovşağı” layihəsi (nəqliyyat dəhlizləri ilə bağlı) ilə əlaqədar müzakirələr çərçivəsində türkiyəli jurnalistlərin Ermənistana səfəri planlaşdırılır. Bunu Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutyunyan deyib. O vurğulayıb ki, İrəvan "sülh qovşağı" ilə bağlı bir neçə konfrans keçirilib: "Bu il və ya gələn ilin əvvəlində bütün regiondan müxtəlif ekspert dairələrinin nümayəndələrinin Ermənistanda toplanmasını planlaşdırırıq. Aktual mövzu “Sülh qovşağı” olmasa da, o da müzakirə olunacaq. Yaxın vaxtlarda İrandan Ermənistana 4 günlük ekspert səfərləri olacaq, burada da “Sülh qovşağı” müzakirə ediləcək. Biz həmçinin Türkiyənin bir sıra KİV nümayəndələrinin səfərini planlaşdırırıq, bu çərçivədə də “Sülh qovşağı” təqdim olunacaq”. 
Siyasi şərhçi Abutalıb Səmədov açıqlamasında deyib ki, ermənilərin təqdim etdiyi və qəbul etdirməyə çalışdırdıqları sülh kəsişməsi layihəsi Azərbaycan üçün məqbul deyil. Ekspertin sözlərinə görə, Azərbaycan ilk təqdimatdan bu layihənin qeyri-ciddi olduğunu bəyan edir:

"Ancaq Ermənistan dayanmayıb və bu layihəni demək olar ki, hər yerdə təqdim edir, müəyyən qüvvələri öz ətrafına çəkməyə çalışır. Azərbaycanın və Türkiyənin "Sülh qovşağı" layihəsinin müzakirəsində iştirakı mümkündürmü? Əlbəttə, qeyri-mümkündür. Türkiyə bu layihədə iştirak etməyəcək. Zəngəzur dəhlizi İran sərhədinə yaxın 43 kilometrlik ərazidən keçməlidir. Azərbaycanın mövqeyi budur. Digər kommunikasiyalar müzakirə oluna bilər. Problem ondadır ki, Ermənistan dəmir yolunun bizim istədiyimiz ərazidən keçməsinə gah razılıq verir, gah da anlaşılmaz bəyanatlar səsləndirir. İrəvana görə isə avtomobil yolu tamamilə başqa bir ərazidən keçməlidir. Təbii ki, bu, Azərbaycan tərəfindən qəbul oluna bilməz. İran Ermənistanın mövqeyini tam dəstəkləyir. Tehran Zəngəzur dəhlizinə Ermənistandan daha kəskin reaksiya verir. Hətta SEPAH bu layihənin 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq işə düşməsi halında Rusiyanı və Türkiyəni müharibə ilə hədələmişdi. Sonradan Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana gəldi, müəyyən razılaşmalar oldu. Amma mahiyyət açıqlanmadı ki, Rusiya hansı məsələlərə razılıq verib. Tehran isə gah deyir ki, dəhliz Ermənistanın nəzarətində olmaq şərti ilə Zəngəzurdan keçə bilər. Gah da ümumiyyətlə, dəhlizin açılmasına qarşı çıxırlar, bəyan edirlər ki, Naxçıvana yol İran ərazisindən də keçə bilər". 
  A.Səmədov vurğulayıb ki, sonuncu dəfə İran səfiri Zəngəzur dəhlizinin sülhə və əməkdaşlığa xidmət etdiyini bəyan etmişdi. Ancaq bu ziddiyyətli bəyanatlara baxmayaraq, İran buna mane olmaq üçün əlindən gələni edəcək: "Ermənistanın "Sülh qovşağı"nı dəstəkləyən birinci dövlətlərdən biri İrandır. Türkiyə və Rusiyanın bu layihəyə dəstək verəcəyini düşünmürəm. Azərbaycan da yanaşmasını əvvəlcədən bəyan edib. Azərbaycanın dəstəkləmədiyi layihənin uğur qazanması mümkünsüzdür. Ermənistan düşünməlidir ki, Azərbaycanla bu məsələdə nə cür konsensus əldə edə bilər? Əvvəllər "erməni qovşağı" adlanan "sülh qovşağı" Zəngəzur dəhlizinə alternativ ola bilməz. Zəngəzur dəhlizi həm də Azərbaycanın əsas hissəsindən Naxçıvana ən qısa - dəmir yolu və avtomobil yolunun açılması deməkdir. Azərbaycan bu məsələdə güzəştə getmək fikrində deyil".