Vaşinqton mövcud fikir ayrılıqlarına baxmayaraq, Rusiya hakimiyyəti ilə konstruktiv və hörmətli dialoqa hazırdır.
Bunu ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi bildirib.
"Diplomatik səylərə böyük ehtiyac davam edir. Ruslarla amerikalılar arasında mövcud əlaqələri davam etdirməli və yeni əlaqələr qurmalıyıq. Biz həmçinin bir çox məsələlərdə mövcud dərin fikir ayrılıqlarına baxmayaraq, Rusiya hakimiyyətinin nümayəndələri ilə hörmətli və konstruktiv dialoqa açıq qalırıq", - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, biz Tramp komandasından Rusiya ilə dialoqu bərpa etməkdə maraqlı olduqları barədə siqnallar eşidirik.
Onun sözlərinə görə, Moskva Tramp administrasiyası ilə Ukrayna üzrə məsləhətləşmələrə hazırdır və Ağ Evin münaqişənin əsas səbəblərini araşdıracağına ümid edir.
Lavrov qeyd edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı gələcək razılaşmalarda onların pozulmasının qeyri-mümkünlüyünə dair mexanizm olmalıdır.
Politoloq Oqtay Qasımov "Sherg.az"a bildirib ki, ABŞ-da hakimiyyət dəyişikliyindən sonra yeni administrasiya Rusiya ilə danışıqlara getməklə bağlı mövqeyini hələ seçki kompaniyası dövründə bəyan etmişdi:
"Donald Tramp Putinlə danışıqlar aparmağa və Rusiya-Ukrayna müharibəsini bitirməyə qərarlı olduğunu bildirmişdi. Məhz bu baxımdan son dövrlər hər iki tərəfin bir-birinə qarşı daha yumşaq bəyanatlarının şahidi oluruq. ABŞ səfirinin bu açıqlaması da ona hesablanıb ki, yanvarın 20-də Tramp səlahiyyətlərinin icrasına başlayandan sonra Rusiya ilə dialoq aparmaqda qərarlıdır. Eyni zamanda tərəflər arasında bir çox məsələlərdə dərin fikir ayrılıqları var. Bunlar həm Avropada təhlükəsizlik strukturları, həm Rusiya-Ukrayna savaşı, həm də Yaxın Şərqdəki proseslərə baxış ilə bağlıdır. Ümumilikdə hər iki dövlətin qlobal səviyyədə maraqları toqquşmaqdadır. ABŞ-da hakimiyyətə gələn yeni administrasiya isə bunu daha fərqli formada həyata keçirməyə çalışır. Digər tərəfdən Donald Tramp özünün yeni hədəfi olaraq Çini müəyyən edib. Bu ölkəyə qarşı aparacağı rəqabətdə əslində Rusiyanı da neytrallaşdırmaq niyyəti var. Buna görə də hazırda Putinlə danışıqlar aparmaq və bu dövlətin də müəyyən maraqlarını qarşılamaqla Ukraynadakı münaqişəni bitirmək kimi mülahizələr ortadadır. Həmçinin Trampın Ukrayna üzrə təyin etdiyi səlahiyyətli nümayəndənin də açıqlamalarından görünür ki, ABŞ Rusiyanın işğalında olan ərazilərin qeyri-müəyyən müddətdə bu dövlətin nəzarətində qalmasına etiraz etmir. Sadəcə olaraq bunu legitim bir hadisə kimi də tanımır".
Politoloqun sözlərinə görə, Putin üçün də müharibənin yükünü daşımaq çətin olduğuna görə ABŞ-ın mövqeyi ilə razılaşa bilər:
"Çünki Rusiya Ukraynanın kifayət qədər geniş ərazilərini işğal edib. Bundan sonrakı əsas hədəfi isə həmin bölgələri öz tabeliyində saxlamaq və legitimləşdirməkdir. Ümumiyyətlə hazırda tərəflər arasında müzakirə ediləcək əsas məsələ Rusiya-Ukrayna münaqişəsi olacaq".