Ekoloji terrorun miqyası dəhşətlidir


Ermənistan əməllərinə görə mühakimə olunmalı, təbiətə, dövlətimizə, insanlarımıza vurduğu milyardlarla ziyanı ödəməlidir

Ekologiya və ətraf mühitin mühafizəsi

  Ötən əsrin 90-cı illərindən Ermənistan tərəfindən ölkəmizə yersiz, əsassız, heç bir tarixi reallığa söykənməyən ərazi iddialarının hərbi təcavüzlə davam etdirilməsi minlərlə insanımızın ölümü, sağlamlıqlarını ömürlük itirmələri, itkinlik, əsirlik işgəncəsi, minlərlə soydaşımızın yurd-yuvasından didərgin düşərək 30 ilə yaxın müddətdə köçkün həyatı yaşaması, maddi-mədəni sərvətlərimizin talanı, tarixi abidələrimizin məhvinə deyil, həm də dəhşətli ekoloji fəlakətlərə səbəb oldu. Azərbaycan hökuməti ermənilərin işğal altında saxladığı Qarabağ və ətraf bölgələrdə talançılıqla məşğul olduğundan xəbərdar idi. Bilirdi ki, Ermənistan tərəfindən Araz çayına zərərli tullantılar atılır, erməni separatçıları da işğal altındakı bölgələrdə çayları çirkləndirir, ekologiyanı məhv edir, təbii xammal yataqlarını qanunsuz istismar edir, meşələri qırır, ölkəmizə bacardıqca daha ağır zərbə vurmağa, hər şeyi dağıdıb məhv etməyə çalışırlar. 

Azərbaycan Ordusu cənab  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı erməni işğalından azad etdikdə Azərbaycan xalqı ermənilərin törətdiyi cinayətlərin əyani şahidi oldular.  Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərə səfəri zamanı dağıntıları müşahidə edərkən cənab Prezident “sanki buradan vəhşi barbar qəbilə keçib” söyləmişdi. Həqiqətən də, insan, əgər həqiqətən insandırsa, torpağı, meşələri, yaşıllıqları, təbiəti niyə məhv etməlidir? Deməli, ortada düşmənşçilik, “mənim deyilsə, sahibinə də qismət olmasın” tipli qeyri-insani, vəhşi təfəkkür var. 
  Dünən Azərbaycan Respublikasının Baş Prokurorluğu  Ermənistanın Azərbaycan ərazilərini işğal etdikləri dövrdə törətdiyi ekoloji cinayətlərin miqyasını açıqladı. Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərovun açıqlaması erməni vəhşiliyinin daha bir sübutudur.  İ.Səfərov qeyd etdi ki, ermənilər uzun müddət işğal altında saxlanılmış ərazilərdə aşağıdakı ekoloji cinayətləri törədiblər:  Oxçuçay (üzlük daşı), Zəngilan (əhəng xammalı), Vejnəli (kvars-qızıl-sulfid), Şərifan (qum), Xaçınçay dərəsi (şirin su), Əkərəçay dərəsi (şirinsu) yataqları,  Kəlbəcər rayonu üzrə Çaplı (qum çınqıl), Ağyataq (civə), Söyüdlü (zod-qızıl-sulfid), Qızılbulaq (qızıl-mis-kolçedan), Ağduzdağ (qızıl-nəcib metallar), Heydərə (qızıl) Qərbi Qızılitən və Ağzıbir (qızıl), Tərtərçay (qum-çınqıl), İlyaslı və Çaykənd (qarışıq süxur), Aşağı və Yuxarı İstisu (termal mineral su),  Cəbrayıl rayonu üzrə Göyərçin Veysəlli (sement xammalı), Soltanlı (qum), Qaracalı (qum), Tuluz (mişar daşı), Hacılı 1 (gəc), Şarakənçəy dərəsi, İnçəçay dərəsi, Cəbrayılçay dərəsi, Çaylaqçay dərəsi, Qozluçay dərəsi, Çaxmaqçay dərəsi (şirin su yataqları), Tərtər rayonu üzrə Dəmirli (mis-molibden), Çardaqlı (daş kömür), Suqovuşan-Talış (qarışıq süxur), Qarabağ düzü (şirin su),  Ağdam rayonu üzrə Abdal-Gülablı (üzlük daş), Şahbulaq, Çobandağ, Boyəhmədli (sement xammal), Qarqarçay 1 (qum-çınqıl), Şelli (üzlük daş), Qarqarçay dərəsi (şirin su),  Şuşa rayonu üzrə Şuşa 1 (əhəng xammalı), Qarqarçay sahəsi, Xankəndiçay sahəsi (şirin su), Turşu (mineral su), Füzuli rayonu üzrə Dövlətyarlı (mişar daşı) Quruçay (qum-çınqıl), Mil yatağı (şirin su),  Xocavənd rayonu üzrə Binə, Hadrut, Tuğ, Məlikcanlı, Edillli (qarışıq süxur və qırmadaş),  Laçın rayonu üzrə Yuxarı Həkəriçay (qum-çınqıl), Laçın-Şuşa avtomobil yolu (qarışıq süxur), Minkənd (mineral su), təbiət obyektləri (meşə fondu, meşə fonduna aid olmayan bitkilər, xüsusi mühafizə olunan təbiət əraziləri, təbiət abidələri və mineral-xammal yataqları) Ermənistan Respublikası və onun vəzifəli şəxsləri tərəfindən qanunsuz istismar olunub, ilkin araşdırma nəticəsində maddi ziyanın təqribən  16.200.059.474,80 manat olması müəyyən edilib. Ermənistan hərbi cinayətləri ilə yanaşı ekoloji cinayətlərə görə də beynəlxalq məhkəmədə, bütün dünyanın gözü qarşısında cavab verməlidir, əlbəttə, bu istiqamətdə lazımi işlər aparılır. Ərazi bütövlüyünü öz hərbi gücü, şəhidlərin qanı bahasına bərpa etmiş Azərbaycan dövləti isə doğma torpaqlarda quruculuq işlərinə artıq 2 ildir başlayıb. Və bu işlərə təbiətin və ekoloji vəziyyətin bərpası da daxildir. Bu barədə Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda danışılıb. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qeyd edib ki, işğaldan azad edilmiş Zəngilan şəhərinin yüksək standartlarla təkmilləşdirilməsi üzərində işlər davam etdirilir: 

-  Zəngilan "ağıllı" və "yaşıl" şəhər konsepsiyalarına uyğun tikilmiş regional mərkəzdir. Məsələn, işğal dövründə məhv edilmiş ekosistemin bərpası üçün Zəngilan rayonunda 20 min çinar ağacı və min kiloqram palıd toxumu əkilib. Bundan başqa, Ağalı kəndində 3 mindən çox müxtəlif ağac əkilib. Zəngilanda yaşayış rayonları park zonalarına inteqrasiya olunacaq. Bu o deməkdir ki, yaşayış binaları bir tərəfdən yerli materiallar istifadə olunmaqla, digər tərəfdən müasir texnologiyaların vasitəsilə yüksək standartlarla inşa olunacaq park rayonunun planlama və dizaynına inteqrasiya olunacaq. 
  
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə bildirib ki, şəhərlərin dayanıqlı planlaşdırma konsepsiyası və bərpa üzrə baş plan artıq azad edilmiş ərazilərdə reallaşdırılır: 

- Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin baş planına uyğun olaraq "ağıllı" şəhərlər və kəndlər, "yaşıl" iqtisadiyyat və dayanıqılı inkişaf kimi konsepsiyalar reallaşdırır. Ekoloji dayanıqlı şəhərlərin yaradılması tullantı və su ehtiyatlarının idarə olunması ilə yanaşı Azərbaycan üçün prioritet məsələlərdəndir. Hökumət sıfır tullantı səviyyəsinə keçid istiqamətində, həmçinin sənaye müəssisələrinin tullantılarının, nəqliyyat çirklənməsinin tənzimlənməsinə diqqət ayırır. Biz artıq ekoloji baxımdan münasib və hibrid nəqliyyatın tətbiq olunması üçün şərait yaratmışıq. Şəhərlərin yaşıllaşdırılması da əsas prioritetlərdən biridir. Bu konsepsiya Bakı şəhərinin baş planını da nəzərdə tutur. Bununla biz Bakıda yaşıl zonaların sahəsini 3 min hektara çatdırmaq niyyətindəyik. Bu, ümumilikdə 25 kilometrə bərabər olacaq.

  Sağlam Cəmiyyət Hərəkatının sədri Elçin Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, ermənilərin 30 ilə yaxın müddətdə işğal altındakı zonalarda törətdiyi ekoloji terroru Azərbaycan dövləti dayandırdı, bundan sonra əsas vəzifə terrorun vurduğu yaraları sağaltmaqdır: 

- Bu məsələ - ermənilərin ekoloji terroru mütləq beynəlxalq təşkilatlara çatdırılmalıdır. Çatdırılmaqla yanaşı, həm də Ermənistanın törətdiyi əməllərə görə mühakimə olunmasına və təbiətə, dövlətimizə, insanlarımıza vurduğu milyardlarla ziyanı ödəməsinə çalışmalıyıq.  Azərbaycan dövləti ekologiyanı, təbiəti bərpa etmək iqtidarındadır. Amma niyə cinayətkar cəzasız qalmalıdır? Ermənistanın bir neçə Avropa ölkəsində güclü, imkanlı havadarları var. Buyursunlar, Azərbaycana dəymiş ziyanı ödəsinlər. Öz vassallarını maddi təzminat ödəməkdən xilas etsinlər. Azərbaycanın təbii sərvətlərinə vurulmuş ziyanla bağlı Baş Prokurorluq rəsmi məlumat açıqlayıb. Bunlar dəqiq rəqəmlərdir. Azərbaycan hökuməti bu məlumatı beynəlxalq məhkəməyə göndərməlidir. Yəqin ki, belə də olacaq. İşğaldan azad edilmiş ərazilərdə ekologiyanın bərpası üçün uzun müddət lazım olacaq, ancaq ana təbiət özünü bərpa etmək gücündədir. Meşələrimiz də böyüyəcək, yaşıllıq zonaları artacaq, atmosfer də təmizlənəcək, insanlarımız yenidən təmiz dağ havasını sinələrinə çəkəcəklər. Ermənilərin vəhşiliyi isə heç vaxt unudulmayacaq. Təbiətin bərpası prosesində beynəlxalq təcrübə də öyrənilməlidir. Lakin yaxşı olar ki, ilk növbədə yerli xüsusiyyətlər, doğma təbiətimizin özünəməxsusluğu nəzərə alınsın. Məsələn, Zəngilan vaxtilə çinarları ilə məşhur olub. Bərpa prosesində məhz çinar ağaclarına üstünlük verilməlidir. Bölgələrdə meşələrin, yaşıllıqların, torpağın, ümumilikdə ekologiyanın bərpası hər zonanın xüsusiyyətləri nəzərə alınmaqla aparılsa, bərpa prosesi daha sürətlə gedəcək və biz ərazilərin ekoloji baxımdan da dirçəldiyini görəcəyik.