Bu tip layihələrdə ilk növbədə piyadaların rahatlığı əsas götürülür
Natiq Cəfərli: "Bu təcrübənin müsbət tərəfləri var, ancaq həmin ərazilərdə yaşayanların rahatlığı nəzərə alınmalıdır"
Yaxın müddət ərzində Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni piyada zonaları təşkil etməyi planlaşdırır. Piyada zonasının təşkili üçün İslam Səfərli küçəsinin seçilməsi təsadüfi deyil. “Qış Parkı” ilə “Fəvvarələr meydanı”nı birləşdirən bu küçədə daha çox tarixi binalar və abidələr yerləşir. Mövcud piyada zonalarının əhatəsinin genişləndirilməsi üçün qeyd edilən ərazilərə bitişik bəzi küçələrin də avtomobilsizləşdirilməsi nəzərdə tutulur. Bəs Bakının mərkəzi küçəsinin avtomobilsizləşdirilməsi tıxaca necə təsir göstərəcək? Məsələ ilə bağlı Trend-in suallarını cavablayan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, bu cür yanaşma artıq bir çox dünya dövlətlərində tətbiq olunur.
“Bakının mərkəzi küçəsinin avtomobilsizləşdirilməsi biznesin inkişafına daha çox töhfə verəcək. Bu yanaşma artıq bir çox dünya dövlətlərində tətbiq olunur. Yaxşı olardı ki, bu yanaşma şəhərin müxtəlif yerlərində tətbiq edilsin. Tək mərkəzdə yox, kənarlarda da bəzi küçələrin piyadalaşması, yəni sırf piyadaların hərəkəti üçün təşkil edilməsi həmin ərazidə yeni bir cazibə mərkəzinin yaranmasına və biznesin inkişafına töhfə verəcək”, – deyə o əlavə edib.
Ekspert həmçinin bildirib ki, tıxac probleminin həll yollarına təsir edən qərarlar içində piyada zonaları yaradılan küçələr, sürətin azaldılması, zonalar üzrə avtomobil dayanacaqlarının qiymətinin müəyyən olunması, alternativ ictimai nəqliyyatın inkişafı və şəbəkələrinin genişləndirilməsi mövcuddur.
“Alternativ ictimai nəqliyyatın inkişafı və şəbəkələrinin genişləndirilməsi dedikdə yüngül reysli dəmiryolu sistemi, velosiped və skuterlərin hərəkətləri üçün ayrılmış zolaqların təşkil olunması nəzərdə tutulur. Bunlar hamısı bugünkü tıxac mənzərəsini tam kökündən dəyişəcək qərarlar olacaq. Mərhələli şəkildə bu işlər görülməlidir. Təkliflərdən biri də şəhərin mərkəzində bir neçə küçənin sürətinin azaldılmasıdır. Bu küçələrdə sakitliyin yaradılması eyni zamanda biznesin cəlbediciliyi baxımından önəmlidir. Həmçinin təhlükəsizlik məsələsi burada mühüm amildir. Bunlar hamısı yekunda orada yaşayan, işləyən insanlara ümumi şəhər mühitinə müsbət təsir edəcək”, – deyə ekspert qeyd edib.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, mərkəzi küçələrin avtomobilsizləşdirilməsi təcrübə və ənənəsi dünyada mövcuddur, lakin burada ilk növbədə piyadaların rahatlığı üstün tutulur:
- Bu təcrübədən istifadənin bir neçə müsbət tərəfi var: ekologiyanın təmizlənməsi, tarixi abidələrin qorunması, biznesin inkişafı və ən əsası – piyadaların rahatlığının təmini. Bu tip layihələrdə ilk növbədə piyadaların rahatlığı əsas götürülür. Məlumdur ki, hazırda paytaxtda piyadalar üçün nəzərdə tutulmuş səkilər hədsiz daralıb. Orada açılmış obyektlər səbəbindən. Elə küçələr var, orda səki ilə hərəkət etmək ümumiyyətlə mümkün deyil, piyadalar məcburən avtomobillərin hərəkət yoluyla addımlamalı olur. Bu hal paytaxtın mərkəzi hissəsində daha çox müşahidə edilir. Həmçinin, xəbərdə adıçəkilən “İslam Səfərli” küçəsi də irili-xırdalı obyektlərlə doludur. Restoran da var, kafe də, mağazalar, market və sair ticarət və iaşə obyektləri. Təkcə bu küçə deyil. “Təbriz Xəlilbəyli”, “Tolstoy”, “Nigar Rəfibəyli”, “Salatın Əsgərova”... Fəvvarələr meydanı, “Nizami” küçəsi ərazisində və onlarla kəsişmədə olan küçələrin əksəriyyəti bu durumdadır. Turistik baxımdan, biznes imkanları baxımından yaxşıdır. Amma şəhər infrastrukturu ilə bağlı hər hansı layihə gerçəkləşdirilərkən ilk növbədə insanların, xüsusən də həmin ərazilərdə yaşayanların rahatlığı nəzərə alınmalıdır. Küçə avtomobilsizləşdilirsə, orada yaşayan əhali avtomobil xidmətlərindən necə istifadə edəcək? Tutaq ki, kimsə evinə ağır əşya gətirir, necə olacaq? Oradakı obyekt sahiblərinin avtomobillərinin parklanmasına icazə veriləcək, amma sakinlərə icazə verilməyəcəksə, əlbəttə bu, tənqidlə qarşılanacaq. Bu problem “İçərişəhər” Tarixi-memarlıq Qoruq ərazisində yaşanır artıq. Baxmayaraq ki, ərazi Qoruq elan edilib, kifayət qədər avtomobil, kifayət qədər ofislər, inzibati binalar, səfirlik və diplomatik korpuslar, eləcə də həddindən artıq restoran və kafelər (yeməkxana, kababxana) fəaliyyət göstərir. Lakin yerli sakin taksi ilə evinə gəlmək istəyəndə problem yaranır. Kimsə küçə ticarətinin əleyhinə deyil, xüsusən söhbət turistik məkanlardan gedirsə. Lakin küçə ticarəti yalnız “pomidor-xiyar, alma-armudla” assosiasiya olunmamalıdır. Küçə ticarəti deyildisə sənətkarlıq fəaliyyəti, sənət əsərlərinin satış-sərgiləri önə keçməlidir. Avropa ölkələrində məhz belədir. Sənət nümunələrinin önə çıxmasına diqqət edilir, kulinariya elementlərinin deyil.