“Yerli icra hakimiyyətləri çətin vəziyyətə düşən sakinlərə çevik dəstək göstərməyi bacarmalıdılar”
"Küçədə gecələyən ana və uşaqlar ya məişət zoraklığının, ya da sosial problemin qurbanına çevrilib".
Bunu "Sherg.az"a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova söyləyib.
M.Zeynalovanın qənaətincə, yerli icra hakimiyyətləri çətin vəziyyətə düşən sakinlərə çevik dəstək göstərməyi bacarmalıdılar:
"Rayonda evi olan, lakin Bakıda yaşamaq istəyənlər olur. Kirayə pulunu ödəyə bilmirlər, evsiz qalırlar. Bəzi hallarda ev sahibləri də dözümsüz davranır. Belə durumda müəyyən yerlərə müraciət etmək də mümkündür. Polis əməkdaşları dərhal yerli icra hakimiyyəti ilə əlaqə saxlasın. Onların ehtiyacları qiymətləndirilsin və qarşılansın.
"Qohumdan dəstək" proqramı da məqsədəuyğundur. Bütün yükü dövlət müəssisələrinin üzərinə atmaq olmaz. Sığınacaqda saxlamaq, uşaqları təhsildən yayındırmaq əvəzinə yerli icra orqanları çevik dəstək proqramları hazılamaq üzrə ixtisaslaşsınlar. Uyğun resurslarını formalaşdıra bilsinlər".
Qeyd edək ki, Bakıda qadın və azyaşlı uşağı küçədə gecələdiyi yerdə görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Görüntülərin paytaxtın Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında lentə alındığı deyilir. İlkin məlumata görə, ana və övladı ərazidəki qəbiristanlığın yanındakı zibillikdə qalırlar.
Daxili İşlər Nazirliyi həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbir görülməsindən ötrü araşdırma aparır.