Millətimiz bir yumruq kimi birləşməlidir

Millət vəkili deyib ki, İranda, Rusiyada, Ukraynada baş verənlər bunu zəruri edir

  Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 21 məsələ daxil edilib. Öncə parlament sədri Sahibə Qafarova çıxış edərək bir sıra məsələlərə münasibət bildirib. Milli Məclisin sədri deyib ki, həm birinci, həm də ikinci Qarabağ müharibələri dövründə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri törədiblər. Spikerin sözlərinə görə, 2020-ci il oktyabrın 17-də münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə atəşə tutulub: 

"Bu dövlət terrorizmi aktı nəticəsində 15 nəfər dinc sakin həyatını itirib, 79 mülki şəxs yaralanıb. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə 5 raket hücumu nəticəsində 26 dinc sakin həlak olub, 175 adam yaralanıb. Onu da deyim ki, Gəncəyə qarşı terror aktlarının ildönümü ilə əlaqədar dünən Gəncədə anım mərasimləri, beynəlxalq konfrans və digər tədbirlər keçirilib. Milli Məclisin deputatları həmin tədbirlərdə iştirak ediblər. Bildiyiniz kimi, bu gün Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcını qoymuş Müstəqilliyin bərpası günüdür. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması, təqribən 70 il sonra, 1991-ci il oktyabrın 18-də isə dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycan xalqının dövlətçilik potensialının yeni şəraitdə real şəkil alması və qəlbində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsi idi. Lakin xalqımız əsrin əvvəllərində qurduğu dövlətini cəmi 23 ay yaşada bilmişdisə, əsrin sonlarına yaxın müstəqil dövlətini ulu öndər, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin qüdrətli zəkası və müdrikliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində qoruyub saxlaya bildi. Biz bu həqiqəti dönə-dönə təkrarlayırıq ki, əgər o dövrdə ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil Azərbaycan dövlətinin varlığından danışmaq mümkün olmazdı. Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, Cənubi Qafqaz bölgəsində güc mərkəzi və söz sahibi olan qüdrətli dövlətdir".

“Ermənistan beynəlxalq səviyyədə öz zəifliyini başa düşür”

  Daha sonra Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ötən həftə AŞ PA-da baş verənlərdən danışıb. Deputat bildirib ki, Avropa Şurasında çoxluq həqiqəti görür: “AŞ PA-nın sessiyası çox gərgin idi. Azərbaycana qarşı quraşdırılmış, öncədən hazırlanmış hücum planı vardı. Sərhədlərdə təxribatların törədilməsi, foto-video şantay, bunun əsasında danışıqlarda dividend qazanmaq niyyəti vardı. Ermənilər AŞ PA-da çalışdı ki, son hadisələrlə bağlı məruzəçi təyin olunsun və onların xeyrinə sənəd qəbul edilsin. Buna nail ola bilmədilər. Çünki Avropada artıq hamı çox gözəl bilir ki, Ermənistan hansı cinayətləri törədib. Bu gün ölkəmizi müdafiə etmək üçün bizim gücümüz var. Bu gücü də prezident yaradıb, ordumuz yaradıb. Azərbaycana zərbə vurmaq üçün erməni lobbisi erməni dövlətçiliyinə, ermənilərə belə zərbə vurmağa hazırdır ki, təki Azərbaycana zərər vura bilsinlər. Biz bunu bilməliyik. Azərbaycan prezidentinin apardığı siyasət güclüdür və biz bu siyasət ətrafında birləşməliyik”.

“Ərdoğana Nobel mükafatı verilməlidir” 

  Millət vəkili Elman Nəsirov təkliflə çıxış edib. Deputat deyib ki, 2023-cü il Türkiyə Cümhuriyyətinin yaranmasının yüzilliyidir. Sülhə misilsiz xidmətlərinə görə Nobel mükafatına ən böyük siyasətçi namizəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. O əlavə edib ki, bir-birinə düşmən olan Rusiya və Ukrayna İstanbul sammitini Ərdoğanın səyləri nəticəsində imzaladılar: “Aclıqla mübarizədə cənab Ərdoğanın müstəsna xidmətləri var. Əsirlərin dəyişdirilməsi ilə bağlı heç bir lider səy göstərə bilmirdi. Bu da Ərdoğanın fəaliyyəti nəticəsində baş tutdu. Bu gün Türkiyədə ən çox suriyalı qaçqının olduğu bəllidir. Türkiyə immiqrasiya proseslərinə də böyük töhfə verən ölkədir”.

“Milli Məclisin komitə iclasları Ağdamda da keçirilsin”

  Deputat Aqil Abbas parlamentin komitə iclaslarının Şuşada keçirilməsini təqdir edib. Eyni zamanda ölkə prezidentinin Ağdama səfəri, təməlqoyma mərasimləri və həyata keçirilən işlərdən bəhs edib. Parlament üzvü bildirib ki, Ağdam tikilir, orada böyük işlər görülür, hətta dəmiryolu da fəaliyyət göstərməyə başlayıb: "Hesab edirəm ki, komitə iclaslarını Ağdamda da keçirtmək olar. Xahiş edirəm bu təklifi nəzərə alasınız”. Spiker Sahibə Qafarova təklifə görə təşəkkürünü bildirib və deyib ki, Milli Məclisin komitə iclasları Qarabağın hər bir guşəsində keçiriləcək, o cümlədən də Ağdamda.

"Milli birliyimizin qorunması çox vacibdir"

  Millət vəkili Vahid Əhmədov 18 Oktyabr Müstəqilliyin Bərpa Günü ilə bağlı çıxış edərək deyib ki, 31 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. Bu illərdə Azərbaycanın ən böyük uğuru 30 il işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi olub. Burada Azərbaycan prezidentinin uğurlu siyasəti, xalqımızın birliyi, ordumuzun qüdrəti öz sözünü deyib. V.Əhmədov dedi ki, 20 ildən sonra Azərbaycanın öz torpaqlarını düşmənlərdən təmizləməsində xüsusi rol oynayan milli birliyimizin qorunması çox vacibdir. Deputat dedi ki, İranda, Rusiyada, Ukraynada baş verən hadisələr bizim milli birliyimizi qoruyub-saxlamağımızı zəruri edir: “Mən millətimi bu yolda Azərbaycan Prezidentini dəstəkləməyə, bir yumruq kimi birləşməyə çağırıram”.

"Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur” deməkdən çəkinin"

  Deputat Fəzail Ağamalı Ermənistanın mövcud olduğu tarixi Azərbaycan torpaqları ilə bağlı çağırış edib. Deputat bildirib ki, 1920-ci ildə Fransada, Versal sülh konfransında Azərbaycan Cümhuriyyətinin xəritəsi təsvir olunmaqla dövlət müstəqilliyimiz tanınıb. F.Ağamalı təəssüflə bir məqamı qeyd edib: “Bəzən ayrı-ayrı mətbuat səhifəsində rastlaşırıq ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmalı deyil. Ombudsman da, hər kəs də birmənalı olaraq Cümhuriyyətin varisi kimi Azərbaycanın indiki Ermənistan tərəfindən zəbt olunan 28 min kv.km-lik ərazilər bütün platformalarda gündəmə gətirilməlidir. Xahiş edirəm, bizim millət vəkillərimiz də “Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur”- deməkdən çəkinsinlər. Eyni zamanda bu gün bizə əzələ nümayiş etdirən İranın ərazisinin böyük hissəsi tarixi Azərbaycan əraziləridir. Bunu nə İran rəhbərliyi, nə də Makron kimi təlxək unutsun”.

"Gəncədə yeni stadion tikilməsi təklif olunub"

  Deputat Naqif Həmzəyev "Kəpəz” komandasından danışıb. Bildirib ki, "Kəpəz" nəhayət uzun illər sonra öz evində oynaya bilib. Parlament üzvü vurğulayıb ki, “Kəpəz” futbol klubuna ayrılan vəsait o qədər də çox deyil: “Ümid edirəm ki, Gəncədə müasir tələblərə cavab verən stadion tikiləcək”. 

N.Həmzəyev Gəncənin su və kanalizasiya probleminə də toxunub: “Prezident tərəfindən lazımi vəsait ayrılıb və bu işlər artıq sürətlə həyata keçirilir. Eyni zamanda gəncəlilərin ən böyük istəyi və arzusu Gəncənin yollarının da Bakının mərkəzi küçələri kimi olmasıdır”.

“Hərbi texnikaların sıradan çıxması ölkəmizə ziyan vura bilər”

  Deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycan Ordusu nəinki Cənubi Qafqazda, eləcə də dünyadakı qabaqcıl ordular sırasındadır: “Mütəmadi şəkildə ordumuz üçün yeni hərbi texnikalar alınır. Ordumuzda daim keyfiyyətli təlimlər keçirilir ki, bu da NATO standartlarına uyğundur. Həta texnikalarımız da həmin standartlara uyğundur”. S.Novruzov onu da deyib ki, bəzən hərbi sahədə texnikalardan düzgün istifadə edilməməsi nəticəsində onların sıradan çıxması ölkəmizə ziyan vura bilər: “Bilirik ki, orduda qulluq ikili sistem əsasında həyata keçirilir. 

Çağırışla hərbi xidmətdə qulluq keçənləri texnikalardan istifadə ilə bağlı təlimlərə cəlb etmək tezdir. Yalnız o halda bu icra edilə bilər ki, onlar öz fəaliyyətini gələcəkdə bu sahədə davam etdirmək istəyərlər. Bu zaman texnikalardan düzgün istifadə həmin avadanlıqların zərər çəkməməsinə gətirib çıxara bilər”. Bu mənada komitə sədri qanunun hərbi çağırışçılara deyil, müddətdən artıq xidmət keçənlərə tətbiqini düzgün saydı.

"Yanaşma eyni olmalıdır..."

  Deputat Qüdrət Həsənquliyev vurğulayıb ki, konstitusiyaya sonuncu 3-cü dəyişiklikdən sonra yaş məhdudiyyəti aradan qalxıb. Amma "Ombudsman haqqında" qanunda hələ də o məhdudliyyətlər nəzərdə tutulur. Qeyd olunur ki, ombudsman 30 yaşdan yuxarı olmalı, iki dəfə seçilməlidir: "Biz Prezidentlə də, Baş Prokurorla bağlı da məhdudiyyəti aradan qaldırmışıq. Yanaşma eyni olmalıdır. Yəni hər hansı vəzifəli şəxsi seçən xalqdırsa, xalq müəyyən eləməlidir ki, həmin şəxs vəzifədə, hakimiyyətdə nə qədər qala bilər. Yaxud onu Prezident, Milli Məclis təsdiq edirsə, yenə də Prezident və Milli Məclis müəyyən edə bilər ki, ona neçə müddət etibar etmək olar. Yanaşma eyni olmalıdır. 

Hesab edirəm ki, bu məsələni hörmətli Əli müəllim müvafiq dövlət orqanları qarşısında qaldıracaq və bu, öz həllini tapmalıdır”.