Fəzail İbrahimli spikerin müdafiəsinə qalxdı

"Azərbaycan" qəzetinə qarşı mövqe, kin, küdurət o qədərdir ki, hətta gözləri ayaqlarının altını görmür

  Milli Məclis sədrinin müavini Fəzail İbrahimli “Azərbaycan” qəzetində dərc olunan yazısının “copy-past” olması ilə bağlı iddialara cavab verib. Parlamentin dünənki iclasında çıxış edən vitse-spiker bildirib ki, Milli Məclis sədrinin yazısı ilə bağlı da əsassız fikirlər səsləndirilir. Fəzail İbrahimli deyib ki, özünün elmi fəaliyyəti ilə Azərbaycan elminə şan-şöhrət gətirən bir xanımın imzasına müdaxilə etmək olmaz:

"Deyirlər ki, "Azərbaycan" qəzeti lazımdırmı?! Bu, nə deməkdir?! Haradan qaynaqlanır bu? Niyə bizə qarşı bu münasibət var? Niyə bizim qəzetlər susurlar?! Buna cavab verilməli, dayandırılmalıdır! Bu qəzetə qarşı mövqe, kin, küdurət o qədərdir ki, hətta gözləri ayaqlarının altını görməyib Azərbaycanın bütün strukturlarına hücuma keçiblər. Qanunvericilik orqanı ilə işlərini bitiriblər, keçiblər hökumətə. Əli Əhmədov Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yəqin o yazını yazanlar da YAP üzvləridir. Əli Əhmədov uzun müddət YAP-ın icra katibi işləyib. Bu nə münasibətdir, bu nə hikkədir? Onun arxasında duran məsələlər açılmalıdır! Sənin “Azərbaycan” qəzeti ilə intriqan var? Nifrət dalğasını bu formada yaymaq olmaz! Hədəf kim götürülür? Cənab Prezidentin 19 illik fəaliyyəti ilə bağlı yazan bütün adamlar hədəf götürülür. Azərbaycanın nailiyyətləri ilə bağlı yazanlar hədəf götürülür. 

Ermənistan üzərində qələbəmizin əsas mahiyyətini ifadə edən adamlar hədəf götürülür. Soxmayın burnunuzu belə yazılara! Azərbaycanda hər kəs bir-birini tanıyır. Genetik kodundan tutmuş ayaqqabısının ölçüsünə qədər. Həyat tərzi, elmi fəaliyyəti, düşüncəsi göz qabağındadır. Azərbaycanın bütün strukturlarına hər hansı saytın bu cür hücumu haradansa qaynaqlanır. Bu qaynaqlar dayandırılmalıdır. Cənab Prezidentin fəaliyyətini işıqlandıran adamların üzərinə gəlmək... Mən bilmirəm bu necə cəsarət sahibidir?! Kimlər durur bunun arxasında? Güman edirəm ki, Mətbuat Şurası bununla məşğul olmalıdır. Azərbaycanda qayda-qanun var. Qayda-qanun çərçivəsində də hərəkət olunmalıdır”.

  Məlumat üçün bildirək ki, bir sıra saytlarda deputatların "Azərbaycan" qəzetində dərc olunan məqalələrinin "plagiat" olduğu iddia olunmuşdu.