“Tutalım, kimsə ay ərzində heç kimə reaksiya bildirmirsə, avtomatik olaraq paylaşımları görünmür. Sistem özü profilə qarşı adekvat münasibət yaradır"
“Sosial şəbəkə istidafəçisi bloka düşəndə dostlarına "nöqtə-vergül yazın" deməklə problem aradan qalxmır. Onun əvəzinə şərh yazmaqlarını istəsinlər”
"Dostlar, paylaşıma nöqtə, vergül yazın. Mark Zukerberq (red. Amerikalı sahibkar, Feysbukun qurucusu) yenə məni bloka atıb". Bu cümlə yəqin ki, çoxlarına tanışdır.
Feysbuk istifadəçiləri məhdudiyyətlə qarşılaşanda "nöqtə-vergül" kampaniyası başladırlar. Hər hansı bir səbəbdən məhdudiyyət qoyulmuş hesablarına sadəcə rəy yazdıraraq bloku ləğv edə biləcəklərini düşünürlər.
Bəs, "nöqtə-vergül" həqiqətən istifadəçilərin blokdan çıxmasına imkan yaradırmı?
"Sherg.az"ın sualını cavablandıran internet-media eksperti Səbuhi Abbasov deyib ki, sosial şəbəkələrdə bəzilərinin başa düşmədiyi məqamlarla rastlaşması "Meta" şirkəti rəhbəri M.Zukerberqin həm ABŞ, həm də Avropa Parlamentinə verdiyi hesabatdan sonra üzə çıxmağa başladı:
"Sosial şəbəkə istifadəçilərinin az qala 25-30 faizi saxta profillərdir. Nəticədə, sosial şəbəkələrə inam azalır. Şirkətin komandası müxtəlif qabaqlayıcı addımlar atmağa başladı. Əvvəlcə saxta profilləri sildi. Gerçək hesablarda kimliyin təsdiqlənməsi prosesini reallaşdırdı. Təkcə saxta deyil, passiv profillər də alqoritmə yerləşdirildi.
Şirkətdə konkret bir şəxs müəyyən profilin fəaliyyətini məhdudlaşdırmır. Sadəcə sistem alqoritm üzərində qurulub. Tutalım, kimsə ay ərzində heç kimə reaksiya bildirmirsə, avtomatik olaraq paylaşımları görünmür. Sistem özü profilə qarşı adekvat münasibət yaradır".
Ekspertin dediklərinə görə, Feysbuk əvvəllər zorakılıq, işgəncə, vəhşi cinayətləri yansıdan paylaşım ediləndə xəbərdarlıq edirdi. İndi isə elementar şəkilləri paylaşanda da profil bir müddətlik bağlanır:
"Şirkət həssaslığı artırıb.Terror, zorakılıqla bağlı ifadələrlə paylaşım edənlər də bloka düşürlər. Hətta tanınan sosial şəbəkə səhifələri uzunmüddətli məhdudiyyətin qurbanı oldular.
Sosial şəbəkə istidafəçisi bloka düşəndə dostlarına "nöqtə-vergül yazın" deməklə problem aradan qalxmır. Əvəzinə şərh yazmaqlarını istəsinlər. Bir sözdən ibarət şərh yazsalar, alqoritm onu daha aktiv profil hesab edərək, blokdan çıxarar".