Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmalıdır

Qərb və Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olması fikri ilə getdikcə daha çox barışır

  "Hazırda sahib olduğu 28 min 800 min kvadrat kilometr ərazini əlində saxlamaq Ermənistan hakimiyyətinin ən böyük məqsədidir". Bu sözləri Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov deyib. Analitik bildirib ki, Qərbi Zəngəzur və Göyçənin gələcəkdə Ermənistanın tərkibində qalıb-qalmaması ilə bağlı məsələ ciddi şəkildə müxtəlif beynəlxalq kuluarlarda müzakirə olunur: "Azərbaycan buna nail oldu. Kommunistlərin qondarma qərarlarının qeyri-hüquqi olmasını nəzərə alsaq, SSR-yə daxil olarkən 114 min kv. km lik Azərbaycan Xalq Cümhuriyyəti  və 9 min kv. km ərazisi olan Ararat Respublikasının xəritələri Cənubi Qafqazın yeni bölgüsünün reallığıdır. 

Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini elan edərkən Cümhuriyyətin varisi olduğunu açıqladı. Varis məsələsi Qərbi Zəngəzur və Göyçə torpaqlarının gələcək müqqədaratını da aktuallaşdırır. 

Bu isə Fransanın təklif etdiyi 1991-ci AlmaAta, Rusiyanın təklif etdiyi 1974-ci ilin Baş Qərargahdakı xəritələrini qeyri-aktual edir. Ermənistanın 1991-ci il xəritələrinə üstünlük verməsinin səbəbi o idi ki, 1980-ci illərdə anklavlar kolxozçuluq bəhanəsilə Ermənistana verilib. 1929-cu ilə qədər Qərbi Zəngəzur və Göyçənin əksər ərazilərinin Ermənistan SSR-yə verilməsi başa çatıb.

 Lakin iki ölkə arasında sərhədlərlə bağlı beynəlxalq hüquqa söykənən xəritələr 1920-ci ilin noyabr ayına qədərki xəritələrdir. Bu fonda Azərbaycanın hazırda əldə etdiyi nailiyyətlərdən biri Qarabağ mövzusunu beynəlxalq müzakirələrdən kənarlaşdırmaq oldu. Nəticə etibarı ilə Qərb nümayəndələrinin ermənistanlı həmkarları ilə görüşlərdə sərhəd, Qərbi Zəngəzurun "qorunması" məsələləri qabardılır". 

  Ekspertin fikrincə, Qərb və Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olması fikri ilə getdikcə daha çox barışır: "Bunun da nəticəsidir ki, Avropa İttifaqı və ABŞ Qarabağın dağlıq hissəsinin "müstəqilliyi" və ya "Ermənistana birləşdirilməsi" kimi çıxışları unudub. Əvəzində yerli ermənilərin müəyyən hüquqları qarşılığında   mərkəzə inteqrasiya edilməsi variantının yeganə çıxış yolu olması vurğulanır. Ermənistan prezidenti də bir neçə gün əvvəl verdiyi açıqlamada İrəvanın vəziyyətlə barışmalı olduğunu qeyd etdi".