Ermənistan silahlı qüvvələri tərəfindən bu ilin sentyabrında dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan hərbi qulluqçu, kiçik gizir Elşən Babazadənin şəhadətə yüksəlməsindən 40 gün ötür. Bu münasibətlə şəhidin doğulduğu Qəbələ rayonunun Mıxlıqovaq kəndində anım mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, şəhidin qırx mərasimi ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.