Beynəlxalq konvensiyada uşaqlar 18-a qədər uşaq götürülür, amma bizdə 14 yaşda uşaq yaşı bitir və gənclik yaşı başlamış sayılır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, gələcəkdə bu məsələyə baxmağa ehtiyac var: “Çünki biz beynəlxalq konvensiyaya uyğun qanunlara dəyişiklik edirik. Amma bizdə “Gənclər siyasəti haqqında” qanunda uşaq yaşı 13 yaşda bitmiş sayılır”.
Sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki,əslində bu məsələni müzakirə edərkən bir neçə detala diqqət etməliyik:
"Bizdə insanlar uşaqlıq yaşının bitdiyi dövrü artıq yetkin vətəndaş olaraq dəyərləndirirlər. Bu da Azərbaycan kimi digər dövlətlərdə erkən nikah hallarının çoxalmasına gətirib çıxarır. Yəni, vətandaşlar düşünür ki, 13 yaşlı birinin gənclik dövrü başlayırsa, deməli, onun evlənməsi üçün maneə yoxdur. Bildiyiniz kimi, uşaqlıq, yeniyetməlik və gənclik dövrü fərqli anlayışlardır. Onları bir-biri ilə qarışdırmaq düzgün deyil. Uşaqlıq dövrü bitdikdən sonra anidən gəncliyə atılmaq olmaz. 16-17 yaşdan sonra gənclik mərhələsinə qədəm qoyulur".