Babək Ələkbərov: Düşmənin Zəngilanda bizi pusquya salmaq planı iflasa uğradı

Zəngilan şəhərinin işğaldan azad olunmasından əvvəl biz Araz çayı boyunca bütün əraziləri işğaldan azad etdik. Sonuncu plan isə Dəlidağ silsiləsinin götürülməsi idi. Bundan sonra Xudafərin körpüsü və ətraf ərazilər düşməndən təmizləndi. Biz əməliyyatları uğurla tamamladıqdan sonra Zəngilan şəhəri istiqamətində hərəkətə başladıq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Zəngilan istiqamətində döyüşlərdə iştirak etmiş Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin polkovniki Babək Ələkbərov söyləyib.

Polkovnik bildirib ki, 44 günlük Vətən müharibəsində ən sürətli əməliyyat kimi yadda qalan Zəngilan şəhərinin işğaldan azad olunmasına oktyabrın 19-da başlanılıb: “Biz sürətlə hərəkət edərək Xudafərin körpüsü istiqamətində və Zəngilan şəhərinin girişində qrupları yerləşdirdik. Bölmələrimizin müşahidəsi nəticəsində gördük ki, mülki əhali artıq şəhərdən çıxmağa cəhd göstərir. Ermənistandan fərqli olaraq, humanitar məsələlərə görə onlara şəhəri tərk etməyə şərait yaratdıq. Bölmələrimiz yüksəklikdə atəş-dəstək qrupları yaradaraq Zəngilan şəhərini nəzarət götürdü.

Biz düşmən hərbçilərinin Zəngilan şəhərinin kənarında bölmələrimizi pusquya salmaq üçün gözlədiyi barədə kəşfiyyat məlumatları almışdıq. Əvvəlcədən kəşfiyyat məlumatları olduğu üçün düşmənin planından xəbərdar idik. Beləcə, düşmənin bu cəhdi iflasa uğradı. Axtarış qruplarımız Zəngilan şəhərinə daxil oldular. Biz küçə-küçə gəzərək Zəngilan şəhərinin mərkəzini düşməndən təmizlədikdən sonra oktyabrın 20-də üçrəngli bayrağımızı əraziyə sancaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə etdik. Zəngilan şəhəri və ətrafı çökəklikdə olduğu üçün məruzədən sonra biz qruplarımızı yüksəkliklərdə yerləşdirdik və bütün müdafiəni dairəvi olaraq təşkil etdik”, - deyə Babək Ələkbərov vurğulayıb.

“Biz ehtimal edirdik ki, düşmən Qafan-Sünik tərəfdən bizə qarşı ərazidəki şəxsi heyətinə köməyə döyüşçülərini göndərə bilər. Ehtimalımız özünü doğrultdu. Gördük ki, 300-dən çox şəxsi heyəti və texnikaları ilə ərazidəki bölmələrinə dəstək göndərildi. Biz düşməni müşahidə altında saxladıq. Onlar gözləmirdilər ki, artıq yüksəkliklərdə mövqe tutmuşuq. Bunun nəticəsində döyüşə tam hazır vəziyyətə gəldik. Oktyabrın 21-də səhər ərazidə şiddətli döyüşlər getdi. Həmin döyüşlərin sonunda igid sərhədçilərimiz düşmənin əsgər və zabitlərini məhv etdilər. Ermənilərin qalan şəxsi heyətinin əksəriyyəti bölmələrimizin hücumuna müqavimət göstərə bilməyərək qrup halında Oxçuçayı tərəfindən qaçdılar", - deyə Vətən Müharibəsi Qəhrəmanı sözlərinə əlavə edib.