Fransa paytaxtında yerləşən “Ecole Normale de Musique de Paris” (ENMP) konservatoriyasının məşhur “Salle Cortot” konsert zalında beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Vurğun Vəkilovun konserti keçirilib.
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasından bildirilib ki, konsert zamanı istedadlı pianoçu Azərbaycanın və Rusiyanın görkəmli bəstəkarları Qara Qarayevin və Modest Musorqskinin əsərlərini ifa edib.
Bakıda anadan olan 23 yaşlı Vurğun Vəkilov “Ecole Normale de Musique de Paris” Konservatoriyasının məzunudur. Fransanın İncəsənət və Ədəbiyyat ordeninin sahibi, professor Rəna Şereşevskaya-Mustafabəylinin sinfində təhsil alıb. Prezident təqaüdçüsü olan Vurğun Vəkilovun adı 2009-cu ildə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.
İstedadlı pianoçu Azərbaycanın görkəmli şairi Səməd Vurğunun (Vəkilov) nəticəsidir.
Qeyd edək ki, “Ecole Normale de Musique de Paris” ali məktəbi 6 oktyabr 1919-cu ildə fransız pianoçusu Alfred Korto və “Le Monde” musiqi jurnalının direktoru Oqüst Manjo tərəfindən özəl müəssisə kimi təsis edilib. 1929-cu ildə məktəbin 500 yerlik konsert zalı tikilib. Bu zal məktəbin yaradıcısının şərəfinə “Salle Cortot” adlandırılıb. Bu konsert zalında hər il 160-dan çox konsert və musiqi tədbirləri təşkil edilir, məşhur musiqiçilərin iştirakı ilə ustad dərsləri keçirilir.