Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən pakistanlılar saxlanılıblar - FOTO

Pakistan İslam Respublikasının üç vətəndaşının Azərbaycandan Rusiyaya qanunsuz keçmək cəhdi alınmayıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, hadisə noyabr ayının 26-da saat 15:00-da qeydə alınıb.

Sərhədi pozmağa cəhd edən şəxslər DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saxlanılıblar.
Araşdırma zamanı onların rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.