Başqa yolu yoxdur
Azərbaycanda kərə yağı kəskin bahalaşıb. Ən çox bahalaşma “Belarus” yağında qeydə alınıb. Sentyabrda 18,49 manat olan “Belarus” kərə yağı hazırda 21,99 manata qalxıb ki, bu da bir ay ərzində təxminən 20% bahalaşma deməkdir.
Digər markalı yağların qiymətində də ciddi artım müşahidə edilir.
Mövcud bahalaşmanaı dəyərləndirən ekspertlər isə hesab edir ki, Azərbaycan yağ idxalından asılı olan ölkə olduğu üçün xaricdə baş verənlər birbaşa daxili bazara təsir edir. Qeyd edək ki, Azərbaycan kərə yağını əsasən Rusiya, Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az” açıqlamasında kərə yağının qiymətinin artmasını dünyada baş verən proseslərlə əlaqələndirib:
“Dünyada kərə yağlarının istehsalında azalma müşahidə olunur. Bu azalma iqlim dəyişiklikləri və dünya iqtisadiyyatında yaşanan çətinliklərlə bağlıdır.
Azərbaycan bazarı dünya bazarından asılıdır. Amma qiymətlərin yüksək olmasında marketlərin də rolu var. Onlar qiyməti istədikləri şəkildə qaldıra bilirlər. Bazarımızda qiymətlər razılaşma əsasında təyin olunur. Yerli kərə yağı istehsalımız mövcuddur, lakin daxili bazarımızın tələbatını ödəyə bilmir. Tələbatın yalnız 30 faizini təmin edə bilir. Bu səbəbdən xarici ölkələrdən kərə yağı gətirilir. Yaxşı olardı ki, yerli istehsal daha da inkişaf etdirilsin.
Bunun üçün də heyvandarlığı inkişaf etdirməliyik. Xüsusən süd və yağ istehsalı istiqamətlərinin inkişafına önəm verməliyik. Ölkədə yerli kərə yağı istehsalı sahəsində sahibkarlığın inkişafının qayğısına qalmalı, bu istiqamətə xüsusi diqqət yetirilməlidir. Əks təqdirdə heyvandarlıq sahəsində təkcə kərə yağında deyil, digər məhsullarda da idxaldan asılı olacağıq. Yeganə çıxış yolu maldarlıq təsərrüfatlarının inkişaf etdirilməsi üçün dövlət dəstəyini genişləndirməklə fermerləri stimullaşdırmaqdan ibarətdir".
E.Hüseynovun fikrincə, kərə yağı idxal etdiyimiz ölkələrin sayını artırmaqla da qiymətləri tənzimləmək olar:
"Ötən aylarda Yeni Zelandiyada Azərbaycana yağ göndərən zavodda, onlara süd verən təsərrüfatlarda oldum. Məlum oldu ki, orada heyvanlar daim otlaqlarda olurlar. Bu səbəbdən onlarda yağ daha ucuz başa gəlir. Həmçinin, Azərbaycana Almaniyadan da yağ göndərilir. Niderland, Peru kimi kənd təsərrüfatı inkişaf etmiş ölkələr mövcuddur. Azad bazar şəraitinin bütün imkanlarından istifadə etmək lazımdır ki, daha çox xarici ölkələrdən yağ idxal olunsun. Belə olarsa, yağın qiymətində azalma baş verə bilər".