Paytaxtdakı kirayə mənzil bazarında qiymətlər artmağa başlayıb.
Xezerxeber.az-ın məlumatına görə, səbəb COP29-a çox az bir müddətin qalmasıdır. Əmlakçılar şəhərə minlərlə qonağın gələcəyindən istifadə edərək günlük kirayə verilən evlərin qiymətlərini qaldırıblar.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Sherg.az"a söyləyib ki, indiki kirayə qiymətlər əvvəlkindən orta hesabla 3 dəfə daha yüksəkdir:
"Əsasən mənzillər10 gündən 2 həftəyədək kirayə götürülür. Qiymətlər isə 2000-2500 manat arası dəyişir. Təbii ki, bu vəziyyət vətəndaşlar üçün böyük fürsətdir. Vacib şərtlər binaların yeni tikilişli, təhlükəsizlik, liftlərin işlək olmasıdır. 2016-cı ildən başlayaraq, paytaxtda bir çox pilot layihələrinin həyata keçirilməsi, köhnə evlərin sökülməsi və əhalinin sayının artması nəticəsində kirayə qiymətləri də kəskin yüksəldi. 2020-ci ildən etibarən daşınmaz əmlakın dəyərinin təxminən ildə 10-15 faiz artması kirayə mənzillərə təsirsiz ötüşməyib. Bu kimi tədbirin keçirilməsi və tələbatın yüksəlməsi daşınmaz əmlak sektorunda müəyyən təsiri var. Ancaq vəziyyət müvəqqəti xarakter daşıyır. Qiymətlər yalnız "Cop29" ərəfəsində bu həddə olacaq. Müəyyən coğrafi ərazilərdə qiymət artımını nəzərə alsaq, bunun daşınmaz əmlak bazarına təsiri yoxdur. Həmçinin, daşınmaz əmlakların kütləvi şəkildə kirayə götürülməsinə dünya praktikasında da rast gəlinir. Beləki həmin ərəfədə kirayə qiymətlər yüksəlir, evlərin sayı isə azalır. Lakin bu müvəqqəti bahalaşma olur. Sonradan qiymətlərin sabitləşməsi müşahidə olunur ".