İmtahanın müddəti cəmi 15 dəqiqədir

Mopedçilər üçün sürücülük vəsiqəsi imtahanlarının məzmunu sadələşdirilib

"Mopedçilər üçün sürücülük vəsiqəsi imtahanlarının məzmunu sadələşdirilib". Bunu Milli Məclisin iclasında deputat Kamal Cəfərli deyib. Onun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsində bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb: "Hazırda Baş Dövlət Yol Polisi İdarəsi gün ərzində rahatlıqla 400 nəfərin imtahan prosesindən keçməsini təmin edə bilir. İmtahanın müddəti isə cəmi 15 dəqiqədir”. 

  Deputat Nigar Arpadarai qeyd edib ki, mopedçilərin qeydiyyatı çox önəmlidir: “Sərxoş şəkildə moped sürən sürücülər belə var. Arpadarai velosiped yolları çəkilməsini vacib sayıb:

 “Biz bu gün velosipeddən istifadəni stimullaşdırmalıyıq. Bulvar ərazisindən ictimai nəqliyyat kimi velosipeddən istifadə etməliyik”.

  Deputat Şahin İsmayılov deyib ki, skuterlərin sürəti saatda 60 km çərçivəsindədir: 

"Bu gün şəhərdə skuterlərdən istifadə olunur. Skuter sürənlər də yol hərəkəti qaydalarına əməl etmirlər. Xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının taxılması məcburiyyəti gətirilib. Bizdə də bu təcrübədən istifadə olunsun. Azərbaycanda skuterlər artan templə yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.