Saxta spirtli içkilər aşkarlanıb! – “AQTA-nın “əli qolu bağlıdır”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda marketdə saxta spirtli içkilər aşkarlanıb.
Agentlik əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Zeynəb Həsənağa qızına məxsus “Sahil” marketdə plandankənar yoxlama keçirib.

Yoxlama zamanı obyektdə aşkar saxtalaşdırılma əlamətləri olan ümumilikdə 33 ədəd “Absolute Vodka”, “Fortuna Organic”, “Fortuna Premium”, “Nemiroff” əmtəə nişanlı araq, “Olmeca Tequila”, “Sierra” əmtəə nişanlı tekila, “Ballantines”, “Black Label” əmtəə nişanlı viski məhsulları aşkar edilib.

Məhsulların qablaşdırılmasında və aksiz markasında uyğunsuzluqlar müəyyən edilib, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib. Aşkar olunmuş faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.

Saxta spirtli içkilərin satışı ilə bağlı "Sherg.az"a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür:

"Onlar məhsulu sadəcə müəyyənləşdirib cərimələmirlər. Həmçinin zərərli malları ekspertizaya göndərirlər, həbs cəzası verirlər. Lakin ardıcıl işlər aparılmır. AQTA-nın bu istiqamətdə gördüyü tədbirlər isə yarıtmaz vəziyyətdədir. Onlar məsələni düzgün tədqiq etmirlər. Malların məhvedilmə prosesi qaranlıq mühitdə həyata keçirilir. AQTA-nın İctimai Şurasının üzü olaraq spirtli içkilərin məhvedilmə prosesində heç vaxt iştirak etməmişəm. AQTA-nı bu məhvetmə prosesində Kütləvi İnformasiya Vasitələrinin (KİV), o cümlədən ictimai şura üzvlərinin iştirakının təmin olunmasına çağırıram.
Ən brend və bahalı içkilərin bir hissəsinin saxta olduğu ortaya çıxır. Şadlıq evlərində də geniş yayılıb. Müraciətlər ünvanlayırlar, lakin məkanı demirlər. Yerlərini desəydilər, onları ifşa edərəm".
E.Hüseynovun qənaətincə, Azərbaycan əmtəə bazarında satılan bütün spirtli içkilər üzərində mütləq aksiz markası olmalıdır:
"Aksiz markasının saxta variantı da mövcuddur. Aksiz markasının müvafiq hissəsində gümüşü zolağın içində Azərbaycan Respublikasının gerbi görünür, fikir vermək lazımdır. Spirtli içkilərin də buraxılma və son yararlılıq tarixi var. Monitorinq aparsaq, görərik ki, həmin qeydlər yoxdur. Hansı malın üzərində tarix yazılmayıbsa, almaqdan imtina etməliyik. Alıcılar müəyyən yararlılıq müddətinin olduğunu bilməlidilər. Araqlar satışda 1 il, şərablar isə 6 ay saxlanılmalıdır”.

AİB sədrinin fikrincə, AQTA, eləcə də, DİN-in müvafiq qurumuna çoxsaylı səlahiyyətlər verilməlidir:

" Onlar günün istənilən vaxtı, istənilən istehlakçının zəngi əsasında müdaxilə edə bilsinlər. Təəssüf , AQTA-nın “əli qolu bağlıdır”. Cəld reaksiya mexanizmi mövcud deyil. 
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, tabeliyimdəki Azərbaycan Standartlaşdırma İnstitutu yatıb. Heç bir ciddi iş getmir. 18 may 2021-ci ildə Nazirlər Kabinetinin 343 saylı qərarı ləğv edildi. Bu, təhlükəsizliyi təmin olunan mallar siyahısı idi. Spirtli içkilərinin təhlükəsizliyinin təmin olunması üçün Standartlaşma İnstitutu ekspertiza keçirməli idi. Sözügedən qərar ləğv olunduğuna və hökumətin istehlakçı siyasəti zəiflədiyinə görə bazarda belə vəziyyət yaranıb".