Molla rejimi Urmiya gölünü niyə qurudur? – ŞƏRH: Köç planı...  

“Gölün quruması nəticəsində Urmiya gölündə olan tullantılar və kimyəvi maddələr ətrafa yayılmağa başladı”

“Bu isə ətraf ərazidə olan əhaliyə həm ekoloji, həm də fizioloji problemlər yaradaraq, onların köçünə səbəb oldu”

“İndiki zamanda Güney Azərbaycanda illər boyu arzuladığımız hədəfə yaxınlaşırıq”.
Bunu Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünAzTV) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzindəki görüşü zamanı deyib.
O Urmiya gölünün qurudulmasını İran hakimiyyətinin siyasəti kimi qiymətləndirib:

“Urmiya gölünün qurudulması molla rejiminin siyasətinin bir parçasıdır. İran rejimi farsçılığın üzərində qurulmuş dövlətdir. İranda fars dilini bilməyin vacibliyi ilə bağlı qanun qəbul edilib. Yəni İranda orta məktəbə gedən uşaq mütləq fars dilini bilməlidir. Bilməzsə, onlar özəl məktəblərə göndərilir. Bu məktəblərə getmək də təhqir kimi bir şeydir”.

Urmiya gölü probleminin uzun müddətdir, həm Azərbaycan xalqının, həm də Güneydəki soydaşlarımızın diqqətində olduğunu deyən BDU-nun professoru, siyasi elmlər doktoru Sabir Məmmədli "Sherg.az"a vurğulayıb ki, İran bu ekoloji fəlakəti əvvəlcədən hesablamalı idi:

"Cənub qonşumuz Urmiya gölünün ətrafında bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlər isə gölün suyunun qurumasına səbəb olur. Vaxtilə müəyyən mütəxəssislər də bu haqda fikirlərini bildirmişdilər. Hətta ekoloqlar bəzi suların Urmiya gölünə yönəldilməsi ilə bağlı təkliflər irəli sürdülər.  Təəssüflər olsun ki, İran hakimiyyəti mütəxəssislərin təkliflərinə diqqət yetirmədi. Digər tərəfdən quruma nəticəsində Urmiya gölündə olan tullantılar və kimyəvi maddələr ətrafa yayılmağa başladı. Bu isə ətraf ərazidə olan əhaliyə həm ekoloji, həm də fizioloji problemlər yaradaraq, onların köçünə səbəb oldu.

 Lakin molla rejimi burada da heç bir önləyici tədbir görmədi. Təxminən bir neçə il öncə isə gölün suyunun səviyyəsi təbii olaraq qalxmağa başladı. Buna görə də gölün qurumasını bir qədər ləngitmək oldu. Ancaq problem yenidən baş qaldırıb və bunun nəticəsində soydaşlarımız yurdlarından didərgin düşürlər. 

Yəni İran Urmiya gölündə tikinti aparmaqla əhalinin köçü problemini dərinləşdirdi. Bu isə güney azərbaycanlıların milli probleminə çevrilib".