“Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb"
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb. D.Peskovun açıqlamasına görə, Rusiya Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşünün öz ərazisində keçirilməsi üçün lazımi yardımı göstərməyə hazırdır.
Bir müddət öncə Ermənistan Xarici İşlər Nazirliyi əmin edib ki, İrəvan iki liderin görüşünə hazırdır - lakin dördtərəfli formatda, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişelin iştirakı ilə.
Azərbaycan prezidenti İlham Əliyev isə Brüsseldə Paşinyanla dekabra planlaşdırılan görüşün belə formatda baş tutmayacağını bildirib.
Vəziyyəti "Sherg.az"a şərh edən politoloq Elxan Şahinoğlu qeyd edir ki, Kreml təşəbbüsü ələ almağa çalışır:
"İl ərzində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə 4 görüş keçirilib, 5-cisi noyabrda nəzərdə tutulmuşdu, olmadı, dekabra təxirə salındı. Ancaq Paşinyanın “Görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin” tələbi Brüssel görüşünü sual altına qoyub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya dəvət edilməsinin səbəblərindən biri də bu idi.
Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Azərbaycan və Ermənistan liderlərinin ilin sonuna qədər görüşə biləcəyini istisna etmədiyini söylədi, ancaq məkan göstərmədi. Lavrovun Bayramovla görüşünün ardından Kreml məkan yerini göstərdi:
“Görüş Rusiyada keçirilsin”. Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb".