Tez-tez apteklərdə bəzi dərman vasitələrinin yoxa çıxması halları ilə qarşılaşırıq. İndi də apteklərdə qızdırma salan dərmanlara rast gəlmək olmur. Məsələn, “Parasetamol”, “Panadol”, “Nurofen” və digər bu kimi gündəlik tələbat dərmanları apteklərdə yoxdur. Ölkəyə idxal olunan bəzi dərmanların təminatında ciddi problemlər yaşanır. Soyuqdəymə xəstəliklərinin yayıldığı bir vaxtda bu halın baş verməsi insanları çıxılmaz vəziyyətə salır.
Qeyd edək ki, bir müddət öncə Milli Məclisin iclasında Baş nazir Əli Əsədov bildirmişdi ki, mövcud qanunvericiliyə əsasən, xaricdən fiziki şəxslər özlərinə lazım olan qədər dərman vasitəsi gətirə biləcək.
Dərman bazarında nə baş verir?
"Sherg.az"ın sualını cavablandıran tibb elmləri doktoru, həkim Adil Qeybullanın qənaətincə, dərman bazarındakl qıtlıq Rusiya-Ukrayna müharibəsi ilə izah olunur:
"Çünki biz idxalçı ölkəyik. Dərmanları Rusiya, Ukrayna və Belarusdan idxal edirik. Ukraynada dərman istehsalı infrastrukturu tamamilə dağıdılıb, humanitar yardım hesabına yaşayırlar. Problemi aradan qaldırmağın optimal yolu qardaş Türkiyədən dərman idxal etməkdir. Azərbaycan bazarı ilə müqayisədə dərmanlar kifayət qədər ucuzdur. Keyfiyyəti də yüksəkdir. Sadəcə dərman preparatları idxal edən firmalar məsuliyyət daşıyır. Lisenziya alıblar, ölkəyə dərman idxalı ilə məşğuldular".
A.Qeybulla söyləyir ki, artıq həyəcan siqnalı çalınmalıdır:
"İcbari Tibbi Sığorta sisteminə keçmişik. Müəyyən dərman preparatlarının olması vacibdir. Müvafiq qurumlar məsələni diqqətdən kənarda saxlamamalıdır. Dərman qıtlığı aradan qalxmalıdır. Digər alternativ yollar axtarmalıdır. Xaricdən isə fiziki şəxslərin özünə lazım qədər dərman vasitəsi gətirməsi düzgün təcrübə deyil. Ölkəyə resept əsasında özünəməxsus dərmanları xaricdən alıb gətirə biləcəklər, amma bu kütləvi qıtlığın yerini doldurmayacaq. Bu, fərdi məsələdir".