Suriyadan qayıdan körpələr...! - “Ciddi reabilitasiya keçməlidirlər” 

“Çünki hədəf qrup xüsusi həssaslığı ilə seçilir. Ayrıca modul hazırlanmalıdır”

“Həmin vətəndaşlar gəldikləri ölkələrdə müharibənin dəhşətləri ilə üz-üzə qalıb, travma alıb, beyinyuma proseslərinə cəlb olunduqları üçün çox güclü mütəxəssislərlə işləməlidirlər”

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İraq və Suriyadan repatriasiya olunmuş insanları sosial reabilitasiya mərkəzlərinə yerləşdirir".
Bunu "Sherg.az"a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, ölkəyə gələnlərin reabilitasiya prosesi ilə ƏƏSMN yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi məşğul olur:

"Nənə-babaları varsa, himayədarlıq edirlər. Ümumiyyətlə, vətənə qayıdanlar uzunmüddətli reabilitasiya proqramları keçməlidirlər. Çünki hədəf qrup xüsusi həssaslığı ilə seçilir. 

Ayrıca modul hazırlanmalıdır. Həmin vətəndaşlar gəldikləri ölkələrdə müharibənin dəhşətləri ilə üz-üzə qalıb, travma alıb, beyinyuma proseslərinə cəlb olunduqları üçün çox güclü mütəxəssislərlə işləməlidirlər. Dövlət qurumları məsələ ilə məşğuldur. 

Doğrusu, Qeyri Hökumət Təşkilatlarına (QHT) istiqamətləndirilmirlər. Ona görə də real vəziyyəti təhlil etmək çətindir. Gedişatını necə keçdiyini bilmirik. Ümidvaram ki, nəzarət mexanizmi və reabilitasiya proqramları xüsusi həssaslıqla aparılır".

Qeyd edək ki, ötən il İraq və Suriyadan Azərbaycana 412 nəfər deportasiya olunub. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Repatriasiya olunanlardan 380-i uşaq, 32 nəfər isə qadındır.