Baş yazar kövrək məqama toxundu:“...Əsəbim pozulur”

“Zəhmətkeş analarımızı videoya çəkib təşəkkür etdirmək nədi axı?”

“Ya körpə uşaqların əlinə "adama 20 manat düşür" deyib pul vermək nədir?. Tərbiyəsizlikdi bu”

“Kiçik büdcəli Kamil Zeynallı peyda olub. Kasıb ailəyə 100 manat pul verir, videoya çəkib paylaşır da. Əliağa Vahid belə yerdə yaxşı deyib: Üzü dönsün görüm o ağıya dönmüş çörəyin...".
Bunu "Sherg.az"a  "Kulis.az"ın baş redaktoru, şair Ulucay Akif bildirib. Onun sözlərinə görə maddi baxımdan əziyyət çəkən ailələrə pul verib, özlərini reklam edirlər:
"Belə şeylər görəndə, ürəyim ağrıyır, qanım qaralır, əsəbim pozulur. Bir quru çörəyə də möhtac olan adamlar var və təəssüf ki, onların sayı düşündüyümüzdən də çoxdu. Həmin adamlara dövlət də kömək eləməlidi, özəl şirkətlər də, adi vətəndaşlar da. Amma bu köməyi belə çəkib göstərmək çox pisdi. 

Biz bunu edən adamlara necə başa salaq ki, heç yaxşı deyil etdikləri?. Neçə ildi deyirik, yazırıq, yenə də öz "bildikləri" kimi edirlər. Özləri bunun kənardan necə iyrənc göründüyün fərqində deyillər? Çəkdikləri videolara özləri baxmırlar? 

Hələ belə adamları müdafiə edənlər də var ki, tənqid edənə kimi siz də kömək eləyin. Mən onların etdiyi köməyi dəyərsizləşdirmirəm. Bir manat kiməsə kömək eləmək də çox gözəldi. 

Adicə qışın soyuğunda küçədə salfet, qələm, ya limon satan analarımızdan, uşaqlardan nəsə almaq da çox gözəldi. Amma bu adamlar etdikləri yardımları bu formada "işıqlandırmaqla" özləri öz xeyir əməllərinə kölgə salırlar. 

Zəhmətkeş analarımızı videoya çəkib təşəkkür etdirmək nədi axı?.Ya körpə uşaqların əlinə "adama 20 manat düşür" deyib pul vermək nədir?. Tərbiyəsizlikdi bu. Hələ yüngül formada deyirəm. Ayıbdır, günahdır. Adam etdiyi şeyə kənardan baxar. Hər şeyi biz deməliyik?".

Şərqiyyə NƏBİ