Kərim Vəliyev: "Hərbi təhsil sahəsində islahatlar davam etdiriləcək"

"Hərbi təhsil sahəsində islahatlar davam etdiriləcək".
"Report" xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda şəxsi heyət qarşısında çıxışı zamanı deyib.

Hərbi təhsil sahəsində qardaş Türkiyə və dünyanın digər qabaqcıl ölkələrinin təcrübəsindən yararlanmağın vacibliyini qeyd edən Baş Qərargah rəisi gələcək zabitlərin peşəkar komandir kimi yetişməsi üçün fərdi hazırlığa xüsusi diqqət yetirilməsini, habelə bilik və bacarıqlarının daim artırılmasını tövsiyə edib.

Hərbi təhsil sahəsində islahatların davam etdiriləcəyini qeyd edən general-polkovnik K.Vəliyev təlim və tədris prosesinin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin tapşırıqlarını aidiyyəti vəzifəli şəxslərə çatdırıb.

Qeyd edək ki, yanvarın 11-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub. General-polkovnik K.Vəliyev semestr imtahanlarının gedişini yoxlayıb, hərbi institutun tədris-maddi bazasına baxış keçirib, elektron kitabxana, kompüter və digər sinif otaqlarında yaradılan şəraitlə tanış olub.