Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının cari il üçün ilk iclası keçirilib. İclas bu gün saat 16:00-da başlayıb. İclasda cari il üçün gələn müraciətlərə baxılıb. Yekun nəticə barədə ictimaiyyətə məlumat veriləcək.
Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg.az"a söyləyib ki, siyahını xeyli zaman öncə təqdim edib:
"Biz fərmanın Dünya Azərbaycanlılarının Həmrəylik günündə verilməsini gözləyirdik. Bu gün isə Əfv Komissiyası yığışıb. Ola bilsin, Novruz bayramında və yaxud da Ulu öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində fərman imzalansın. Yəni vaxt hələ dəqiq bilinmir, amma bu il də əfv olacaq. Təqdim etdiyimiz siyahıda 27 nəfərin adı var.
Onların arasında jurnalistlər, bloqerlər, siyasilər yer alır. Həmçinin biz başqa məsələləri də qaldırmışıq. Çünki Ədliyyə Nazirliyindəki komissiya ilə də işləyirik. Bir ili, il yarım cəza müddətləri qalan insanların azadlığa buraxılması üçün siyahını da təqdim etmişik.
Daha sonra ömürlük həbs edilən "Omonçular", "Qaranquş" dəstəsinin nümayəndələrinin əfvi barəsində də müraciət etmişik. İstəyirik ki, 15-20 il cəza çəkənlərin azad olunması üçün qanun çıxsın. Ümumiyyətlə, monitorinq qrupu adından xeyli məsələlərin baxılması üçün təkliflər vermişik".