Vasif Talıbov bir çox naziri qapıda gözlədib: İndi vəziyyət elə deyil 

"İndi Naxçıvana səfərlər keçmişdən miras qalan yeyintiləri müəyyənləşdirmək, maliyyə yoxlamalarının nəticələrini yerində öyrənmək, yerli rəhbərliyə bəzi vacib məsləhətlər vermək məqsədi də daşıya bilər".

"Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslərin Naxçıvana səfəri normal haldır". 
Bunu "Sherg.az"a tanınmış jurnalist, "Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz baş nazirin müavini Şahin Mustafayevin Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi ilə görüşündən danışarkən bildirib.
O, diqqətə çatdırıb ki, Naxçıvan Azərbaycanın tərkib hissəsidir və rəsmi şəxslər tez-tez bu diyara səfər etməlidirlər:

"Məsələ burasındadır ki, Vasif Talıbov hakimiyyəti dönəmində Azərbaycan rəsmilərinin Naxçıvana səfərlərinə qısqanclıqla yanaşılırdı. Muxtar Respublika rəhbərliyi hesab edirdi ki, paytaxtdan bu diyara təşrif buyuranlar onun müstəsna səlahiyyətlərinə qarışır, Naxçıvanın muxtar statusunu tapdalayırdılar. Hətta Vasif Talıbovun bir çox naziri qapıda gözlədib, qəbul etmədən yola saldığı da olurdu. Məhz bu cür ərköyünlüyü sayəsində Naxçıvan hakimiyyətinin paytaxtdan ayrılan  dotasiyaları tam nəzarətsiz mənimsədiyi də bəlli idi. İndi Naxçıvana bu kimi səfərlər keçmişdən miras qalan yeyintiləri müəyyənləşdirmək, maliyyə yoxlamalarının nəticələrini yerində öyrənmək, yerli rəhbərliyə bəzi vacib məsləhətlər vermək məqsədi də daşıya bilər.  O ki qaldı Naxçıvanın təhlükəsizliyinə, hesab edirəm ki, bu diyarın müdafiəsi və mühafizə həmişə əmin əllərdə olub, bu gün də belədir. Şahin Mustafayev və digər rəsmi şəxslər Naxçıvanın birbaşa təhlükəsizliyində və müdafiəsində rol oynamayan insanlardır. Muxtar Respublikanın təhlükəsizlik məsələsi gündəmdə olsa idi, bölgəyə tamamilə başqa insanlar səfər edərdilər. Bu barədə rəsmi kanallara yaxın dairələrdən də bir sıra məlumatlar mediaya sızdırılır. Bununla belə, Azərbaycanın, xüsusilə də Naxçıvanın müdafiəsi yalnız bizi maraqlandıran təhlükəsizlik məsələsi deyil. Muxtar Respublika geosiyasi və strateji müttəfiqlərimizin də üzərində ciddi şəkildə dayandığı beynəlxalq layihələrin keçəcəyi dəhliz üzərində yerləşən ən mühüm coğrafi məkanlardandır. İstənilən təxribatçı hərəkətlər yalnız düşmənin məğlubiyyəti ilə nəticələnə bilər".

Qeyd edək ki, fevralın 9-da baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib. Qonaqlar səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov və digər rəsmi şəxslərlə görüşüblər.