Deputatdan sabiq merə:Suraxanıda nə torpağı varsa, hamısını zəbt ediblər


Hacıbala Abutalıbov və İlqar Abbasov Suraxanıda nə torpağı varsa, hamısını satıb və zəbt ediblər


  "Bələdiyyələrlə bağlı çox mühüm fərman və sərəncamlar var. Ancaq icra olunurmu?". Bunu Milli Məclisdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı deputat Etibar Əliyev deyib. Parlament üzvü bildirib ki, 15 yanvar 2001-ci ildə "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" qanunun tətbiq edilməsi barədə fərman var. Ancaq hələ indiyə kimi əmlak bələdiyyələrə verilməyib: "Bakı bələdiyyələrinə torpaqların xəritəsi belə verilməyib. Bələdiyyələr sənədsiz evlərdən vergi yığa bilmir. Seçildiyim Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində 6 mindən çox sənədsiz ev var. Mədən vergisi bələdiyyələrdən alınaraq Dövlət Vergi Xidmətinə verilib. Bələdiyyələrə əmlak vergisi və torpaq vergisi qalıb. Torpağın 1 sotuna tutulan vergi 60 qəpikdir. Bu vəsaitlə yerli idarəetmə qurumunu necə saxlamaq olar? 
  Seçildiyim Suraxanı rayonuda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb. Mən açıq danışacam. Biz çox vaxt ictimai maraqları şəxsi maraqlara qurban veririk. Adını çəkdiyim bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bu rayonda icra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa, hamısını satıb və zəbt ediblər. Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin sədri Mayis Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir". 
  E.Əliyev vurğulayıb ki, 222 min əhalisi olan bir rayonda peşə məktəbi yoxdur: "Lakin onlarla pab-restoranlar, qəlyanxanalar, diskoteka klubları var. Peşə təhsilinə tələbatı hamı bilir. Ancaq bu adamların əlindən gələcəkdə peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Məncə, belə hallar başqa rayonlar üçün də xarakterikdir. Hansı bələdiyyə torpaqlarından danışmaq olar?! Belə adamların əlindən elə əvvəldən bələdiyyələr zəlil günə qalıblar".