İmtahan ərəfəsində şagirdlər arasında intihar kabusu dolaşır.
Ötən gecə Xırdalan şəhərində analoji hadisə yaşanıb.
“Qafqazinfo”nun xəbərinə görə 2006-cı il təvəllüdlü S.Səlimov (şərti soyadlı) şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü atıb. 17 yaşlı oğlan hadisə yerində vəfat edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, S.Səlimov orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. Dünən imtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.
Hər il imtahan vaxtı belə halların təkrarlanması təsadüfi deyil.Məktəblilər arasında intihar hadisələrinin baş verməsi şagirdlərin psixoloji durumu ilə bağlı problemi aktuallaşdırır.
Sual ortaya çıxır: Abituriyentlərin imtahan stressini necə aradan qaldırmaq olar?
Vəziyyəti dəyərləndirən psixoloq Əfsanə Rüstəmova "Sherg.az"a bildirib ki, abituriyentə imtahanın şagirdin həyatına qatacağı dəyişiklikləri "təhdid" ünsürü kimi göstərməməliyik:
"Stress özgüvənimizin aşağı olduğu məqamlarda büruzə verir. Stresslə mübarizə aparmaq yollarını axtarmaqdansa, özgüvənimizi yüksəltməliyik.
Bütün insanların emosional ifadə formaları fərqlidir. Kiminsə sakit, təmkinli reaksiya verəcəyi situasiyalarda, kimsə daha çılğın, təlaşlı və ya stressli ola bilər.
Hər hansı şəxsi mühakimə etməyin pis addım olduğunu anlamaq lazımdır. Stress sadəcə imtahan nəticələrinə deyil, həyatın gedişatına, keyfiyyətli yaşamağa təsir göstərən faktordur. Onu aradan qaldırmaq üçün çalışmalıyıq. Problemə fərqli yanaşmağı öyrənmək gərəklidir.
Beləliklə, stress hesab etdiyiniz durumlar artıq fərqli məna daşıyacaq. Yerində və lazımi reaksiyalar verməyə başlayacaqsınız".