TPAO: "Təbii qazdan istifadə hələ uzun müddət labüd olacaq"

"Dünya enerji bazarında təbii qazın hələ orta və uzun müddətdə istifadəsi labüd olacaq".

“Report” xəbər verir ki, bunu “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin prezident və baş icraçı direktoru Melih Han Bilgin bu gün işinə başlayan Bakı Enerji Forumunun birinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu enerji resursu bərpa olunan enerjiyə tam keçidi üçün vacib elementlərdən biri olaraq qalır: "Tam keçidin təmin edilməsi üçün isə hökumətlərin və şirkətlərin birgə koordinə edilmiş fəaliyyəti, smart texnologiyaların tətbiqi və əlavə investisiyalar vacibdir”.

M. Bilgin bildirib ki, Türkiyənin Qara dənizdə aşkar etdiyi yataqlardan hasil edilən təbii qaz daxili istehlakda idxal qazının payının azalmasına səbəb olacaq: “Bu gün Türkiyənin təbii qaza olan tələbatının 99 %-i idxal hesabına qarşılanır. Biz buradan hasil edilən təbii qazı ölkənin daxili tələbatının ödənilməsinə yönəldəcəyik. Amma bununla belə bu yataqlardan hasil edilən təbii qazı Avropa ölkələrinə ixrac etməyi də nəzərdə tuturuq”.